Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-846/2025 03.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiаçı Tələbkar QSC-nin cavabdeh Borclu və X2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Borclu borcun hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1182/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edimiş, cavabdehlər Borclu və X1 müştərək qaydada xx.xx.2023-cü il tarixli 009A********** saylı müqavilə üzrə 6524.3 manat məbləğində kredit borcu, 600.52 manat məbləğində faiz borcu və 138.23 manat məbləğində cərimə, cəmi 7263.05 manat və 106.52 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməsi, cavabdeh Borclu Tələbkar QSC-nin xeyrinə xx.xx.2023-ci il tarixli 009KK**********01 saylı kart krediti müqaviləsi üzrə 298.75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 436.75 manat məbləğində borc tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək Suraxanı rayon məhkəməsinin 2(010)- 1182/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi imkanı xaricində olduğundan, qeyd edilən qətnamənin icrasını dəyişdirərək borcun ayda 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar QSC-nin xx.xx.2024-cü il tarixli “borcun tutulmasına dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdeh qismində ondan- Borclu və X1 müştərək qaydada Tələbkar QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 009A********** saylı müqavilə üzrə 7476,30 manat məbləğində kredit borcu, 600,52 manat məbləğində faiz borcu və 138,23 manat məbləğində cərimə, həmçinin xx.xx.2023-cü il tarixli, 009KK**********01 saylı kart kredit müqaviləsi üzrə 298,75 manat məbləğində kredit borcu, 138 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 8651 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 106,52 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin iş № 2(103)-3358/2025 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Ərizədə onun müqavilə ilə götürdüyü 9000 manat məbləğində kredit borcundan bankın qeyd etdiyinə görə guya 1523,70 manat ödəniş etdiyini qeyd ediblər. Bu həqiqətə uyğun deyil. Belə ki, o 7 ay ayda 256 manat olmaqla ödəniş etmişdir. Sonradan iş yerini dəyişdiyi üçün əmək haqqı bir müddət almamış, lakin bir az gecikməsi olduğu üçün 2 ay, ayda 500 manat olmaqla, ümumilikdə 2792 manat ödəniş etmişdir. Sonradan ona və cavabdehə bankın Bahar xanım adlı əməkdaşı zəng edərək hədə-qorxu gəlmiş və borcun hamısını təcili ödəməyi tələb etmişdir. İmkanının ancaq 500 manata çatdığını bildirsələr də, o buna qəti razı olmadı və onları məhkəməyə verdiyini bildirdi. O da bundan sonra ödənişi dayandırmışdır. Hesablanmış faiz borcu və cərimə borcu əsassızdır. Həmçinin ödədiyi əsas borcdan 1268 manat əsassız yerə azaldılmışdır. Uzun müddətdir ki, işləmir. xx.xx.2025-ci il tarixdən "X4" MMC-də proqramçı vəzifəsində işləyir. Əmək haqqı 400 manat təşkil edir. Lakin bir neçə banka olan ödənişləri, kommunal xərcləri çıxılandan sonra dolanışığına demək olar ki, pul qalmır. Maliyyə vəziyyəti çox ağırdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu Məcəllənin 231.2.-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans” ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunan qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar borclunun iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək vəzifəsindən azad etmir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman, həm də, tələbkarın əmlak mənafelərini nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi müstəsna hal olaraq yalnız əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda da tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı halda icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə ziddir və tələbkarın bununla bağlı olaraq hər hansı razılığı mövcud deyildir. Məhkəmə hesab edir ki, iş üzrə qətnamə xx.xx.2025-ci il tarixdə qəbul olunduğundan və hal-hazıra kimi borclu tərəfindən icra olunmadığından, bundan əlavə tələbkarın borcun hissə-hissə ödənilməsinə etirazının olub-olmamasını müəyyən etmək mümkün olmadığından Borclu tutulmuş məbləğin hissə-hissə icra olunması barədə ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1182/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-846/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-846/2025
03.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver