Məhkəmə qərarları › İş №8(010)-852/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-852/2025

27.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-852/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar, Borclu iştirakları ilə, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e- 2(010)-5127/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(010)-5127/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, xx.xx.2016-cı il təvəllüdlü Aysu, xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246 manat) sabit pul məbləğində aliment tələbkarın xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5127/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Aysu, xx.xx.2017-cı il təvəllüdlü Məryəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq, cavabdeh Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. 2023-cü ilə müqayisədə 2025-ci ildə uşaqların xərcləri artmış, eyni zamanda ərzaq və geyimin qiyməti də yüksəlmişdir. Bu baxımdan 2025-ci il üçün yaşayış minimumu Azərbaycan Respublikasının Prezidenti tərəfindən artırılmış, uşaq üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Onun üçün uşağın maddi tələbatını ödəmək çətindir, hər uşaq üçün 220 manat aliment uşaqların xərclərini ödəmir. Uşaqların məktəb xərcləri, kitabları, dəftərləri çoxalmış, təbii ki, xərcləri də artmışdır. Məhkəmə iclasında dindirilən Tələbkar ərizəsini müdafiə edərək, izahatında ərizəsinə uyğun olaraq izahat vermişdir. Məhkəmə iclasında dindirilən Borclu izahatında göstərdi ki, ərizəni o, qəbul etmir. belə ki, aylıq əmək haqqının miqdarı azdır. Məhkəmə tələbkarın və borclunun izahatını dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(010)-4059/2025 saylı (hakim S.Miriyeva) qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, e-2(010)-5127/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2023-cü ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 345 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 220 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 (220/345) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasına müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 14 dekabr 2023-cü il tarixli, e-2(010)- 5127/2023 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli olmaqla, cəmi 1,28 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 14 dekabr 2023-cü il tarixli, e-2(010)- 5127/2023 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli olmaqla, cəmi 1,28 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar