Məhkəmə qərarları › İş №8(010)-872/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-872/2025

15.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-872/2025 15.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiаçı "xxxx" (Azərbaycan) ASC-nin cavabdeh X5 qarşı “pul” tələbinə dаir mülki iş üzrə X1 borcun hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh X3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5254,97 manat əsas borc, 143,35 manat faiz borcu olmaqla, cəmi 5398,32 manat məbləğində borc və 75,07 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" (Azərbaycan) ASC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin hər ay 100 manat olmaqla hissə-hissə icra olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1442/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən məndən 5473.39 manat məbləğində borc pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi ilə icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. Hal-hazırda qərarın icrası ilə bağlı icra işi Suraxanı rayon icra şöbəsindədir. Bundan sonra ona borcu könüllü icra etməyinə dair xəbərdarlıq edilsə də, həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Ailələri maddi cəhətdən ağır vəziyyətdədir. Çox çətinliklə dolanırlar. O hazırda heç bir yerdə işləmir, himayəsində 2 azyaşlı övladı vardır və əri vaxtaşırı fəhlə kimi işləyir. O təyin olunmuş borcu yalnız hissəhissə ödəyə bilər. Lakin buna baxmayaraq, borcunu ödəməkdən yayınmır. Bundan sonra borcdan mütəmadi olaraq hər ay 100 manat civarında banka pul ödəyə bilər. X2 ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini və ərizəyə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsi və tələbkarın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bu Məcəllənin 231.2.-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans” ASC Rusiya Federasiyasına qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunan qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar borclunun iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək vəzifəsindən azad etmir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman, həm də, tələbkarın əmlak mənafelərini nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, qətnamənin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarının hissə-hissə icra edilməsi müstəsna hal olaraq yalnız əlverişsiz hallarda tətbiq oluna bilər və bu halda da tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı halda icra sənədinin borclunun təklif etdiyi şəkildə icra olunması açıq-aşkar tələbkarın mənafeyinə ziddir və tələbkarın bununla bağlı olaraq hər hansı razılığı mövcud deyildir. Məhkəmə hesab edir ki, iş üzrə qətnamə xx.xx.2025-ci il tarixdə qəbul olunduğundan və hal-hazıra kimi borclu tərəfindən icra olunmadığından X3 tutulmuş məbləğin hissə-hissə icra olunması barədə ərizəsi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1442/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar