Məhkəmə qərarları › İş №8(010)-884/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-884/2025

18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-884/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X4 qızının katibliyi ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu Suraxanı rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli Qətnaməsi ilə 06 yanvar 2012- ci il təvəllüdlü X1 üçün tutulmalı olan aliment məbləğinin indeksasiya olunaraq hər ay ölkə üzrə minimum aylıq əmək haqqının 118%-i, yəni 472,00 (dörd yüz yetmiş iki) manat məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı rayon məhkəməsinin 12 iyul 2018-ci il tarixli Qətnaməsi ilə ərizəçinin cavabdeh Borclu qarşı iddia tələbi təmin olunaraq cavabdehdən bir uşağın saxlanılması üçün 154 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Uşağın saxlanılması üçün tələb olunan xərclər əvvəlki kimi yalnız geyim və qida ilə bağlı olmadığından aliment məbləğinin artırılmasına zərurət yaranmışdır. Uşağın təhsil alması ilə bağlı əlavə zəruri xərcləri yaranmışdır. Tələbkar və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1527/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 1143 saylı nikah qeydi ləğv edilməsi, 06 yanvar 2012-ci il təvəllüdlü X3 anası Tələbkar himayəsində saxlanılması, cavabdeh Borclu 06 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 yanvar 2018-ci il tarixindən başlayaraq hər ay 154 (yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 25 dekabr 2017-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimentin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2018-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əməkhaqqının məbləği 130 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (154 manat) minimum əmək haqqına (130 manat) bölünməlidir (154/130=1.18). Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-1527/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, 06 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. 2(010)-1527/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, 06 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar