Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-889/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas katibliyi, İcra sənədi üzrə Borclu iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2020/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İcra sənədi üzrə Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-2020/2024 nömrəli qətnaməsinin hər ay 50-100 manat olmaqla, hissə-hissə icra edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-2020/2024 nömrəli icra sənədinə əsasən, ondan 1851.21 manat məbləğində borc pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi ilə icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Hal-hazırda qərarın icrası ilə bağlı icra işi Suraxanı rayon İcra şöbəsindədir. Bundan sonra, ona borcu könüllü icra etməsinə dair xəbərdarlıq edilsə də, həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Ailəni tək dolandıran özüdür. Ailəsi maddi cəhətdən ağır vəziyyətdədir. Çox çətinliklə dolanırlar. Usta kimi fəaliyyət göstərir. Lakin, hazırda işsizdir. Himayəsində üç övladı var. Bu səbəbdən də, təyin olunmuş borcunu hissə-hissə ayda 50-100 manat olmaqla ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar və icra qurumu məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işə icra sənədi üzrə tələbkarın və icra qurumunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədləri iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olub, borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu tərəfindən qətnamənin icrasına mane olan əlverişsiz hallar yarandıqda tətbiq oluna bilər. Bu halda qanunvericiliyinə əsasən, borclunun əmlak vəziyyətinin və digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. “Elektron məhkəmə” informasiya sistemindən icra sənədi üzrə Borclu gəlir və əmlak məlumatlarının sorğu edilməsi zamanı sonuncunun adına qüvvədə olan hər hansı əmək müqaviləsinin, daşınmaz və ya daşınar əşyanın mövcudluğu aşkar edilməmişdir. Bundan əlavə, icra sənədi üzrə borclunun ailə vəziyyəti haqqında məlumatlar da sorğu edilmiş, sonuncun rəsmi nikahda olmaqla, himayəsində 3 (üç) uşağın olduğu da müəyyən edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bununla belə, icra sənədi üzrə borclunun ailə və əmlak vəziyyəti nəzərə alınmaqla, qətnamənin təklif edilən qaydada (hər ay 100 manat) hissə-hissə icra edilməsi qətnamənin icrası üçün həddindən artıq uzun müddət deyil və icra icraatı iştirakçılarının mənafeləri arasında ədalətli tarazlıq yaratmaq məqsədilə qətnamənin hissə-hissə icra edilməli olması müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, “Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.” Həmin Qərarda daha sonra qeyd edilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir.” “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr qətnamənin hissə-hissə icra edilməsi məsələsini həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2020/2024 nömrəli qətnaməsi hər ay 100 manat məbləğində olmaqla icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2020/2024 saylı icra sənədi üzrə borc Borclu tərəfindən LPO Tələbkar ASC-nin xeyrinə hər ay 100 manat məbləğində olmaqla hissə-hissə ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-889/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-889/2025
19.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver