Məhkəmə qərarları › İş №8(010)-90/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-90/2024

05.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-90/2024 05.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, X1 “qətnamə ilə müəyyən edilmiş pul məbləğinin hissə-hissə ödənilməsi” barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin ona qarşı pul tələbinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən forma və məzmunla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan geri qaytarılmalıdır. Ona görə ki, ilk növbədə, ərizə qeyri-dəqiqdir. Belə ki, X3 ərizədə qeyd edir ki, 3070sSHMb/22 saylı kredit müqaviləsinə əsasən icra edilən qərarla icra məmuru qane olmamış, icra məmuru maaşının 50 faiz tutumunu tələb edir. O da 50 faiz tutuma etiraz etdiyi üçün qərarın dəyişməsini xahiş etmiş, ailə durumunu nəzərə alaraq kartından tutulmamamaq şərti ilə hər ay 20 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Bu məbləğin qərarda məxsusi təsdiqlə qeyd edilməsini xahiş etmişdir. Yekunda isə ərizəçi qeyd edir ki, “Unibank KB ASC-nin ona qarşı pul tələbinə dair yeni qətnamə qəbul edilsin”. Göründüyü kimi, ərizə o dərəcədə qeyri-dəqiq yazılmışdır ki, məhkəmədən nəyin xahiş edildiyini müəyyən etmək belə mümkün olmamışdır. Yəni bu ərizədən bilinmir ki, ərizəçi qətnamənin hissə-hissə icra olunmasını, yoxsa qətnamənin ləğv edilməsini istəyir. Yaxud o, ümumiyyətlə icra sənədi barədə icra məmurunun hərəkətlərindən şikayət edir. Belə bir vəziyyətdə isə məhkəmə tərəfindən nəyin “səbəblərinin araşdırılacağı”, nəyin “ləğv ediləcəyi” qeyri-müəyyəndir. Digər tərəfdən, ərizədə qeyd edilənləri təsdiq edəcək heç bir mötəbər sübut ərizəyə əlavə edilməmişdir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, əgər məhkəmə qərarlarının icrası qaydasında hər hansı ərizə ilə məhkəməyə müraciət edirsə ilk növbədə bu cür iş üzrə tərəf olduğu, yəni hansısa icra sənədi üzrə borclu, yaxud tələbkar olduğu müəyyən edilməlidir. Hazırkı ərizədə isə ərizəçi X2 Rayon Məhkəməsinin icra sənədi üzrə borclu olduğunu qeyd etsə də barəsində çıxarılmış məhkəmə qətnaməsini (qərardadını, əmrini), yaxud icra sənədini, ya da ən azından hansısa icra orqanında belə bir işin mövcudluğunu təsdiq edən hər hansı sənədi ərizəsinə əlavə etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, əgər belə bir icra sənədi həqiqətən mövcuddursa ərizədə mütləq tələbkarın da adı, poçt ünvanı barədə qeyd edilməli idi. Belə ki, ərizədə tələbkarın ünvanı barədə bağlı heç bir məlumata yer verilməməsi məhkəmə icraatının çəkişmə prinsipinin pozulması deməkdir. Bu zaman xüsusi nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə əsasən, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilir ki, çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. MPM-in 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Məhkəmə hesab edir ki, ərizənin forma və məzmunu ilə bağlı MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar