Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-916/2025 14.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3689/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə Borclu tərəfindən verilmiş ərizəyə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-3689/2024 nömrəli qətnaməsinin hissə-hissə, yəni hər ay 50-100 manat məbləğində olmaqla icra edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(010)-3689/2024 nömrəli icra sənədinə əsasən, ondan 1959.96 manat pul və 39.60 manat dövlət rüsumunun iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra icra vərəqəsi ilə icraya yönəldilmiş və qətnamə icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Hal-hazırda qərarın icrası ilə bağlı icra işi Suraxanı rayon İcra şöbəsindədir. Bundan sonra, ona borcu könüllü icra etməsi barədə xəbərdarlıq edilsə də, həmin borcu bir dəfəyə ödəməyə maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. O, onkoloji xəstədir. Ximiya terapiya qəbul edir. Ailəni oğlu taksi sürücüsü işləyərək güclə saxlayır. Ailəsi maddi cəhətdən ağır vəziyyətdədir. Çox çətinliklə dolanırlar. Lakin, borcu ödəməkdən yayınmır. Hər ay 50-100 manat oğlunun sayəsində ödəyə bilər. İcra sənədi üzrə tələbkarın nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPMnin 231.2-ci madəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədləri iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, icra sənədinin hissə-hissə icra edilməsi müstəsna hal olub, borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu tərəfindən icra sənədinin icrasına mane olan əlverişsiz hallar yarandıqda tətbiq oluna bilər. Bu halda qanunvericiliyinə əsasən, borclunun əmlak vəziyyətinin və digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Lakin borclununu ərizədə göstərdiyi dəlillər yalnız yazılı mülahizələrdən ibarət olmaqla, sübutetmə yükünun onun üzərində olmasına baxmayaraq, zəruri sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi həmin ödəniş qaydası və məbləği tələbkarın mənafeyinə ziddir, eyni zamanda, icra sənədinin icrasından yayınmaq və icra sənədinin icrası müddətinin uzadılması məqsədini daşımaqdadır. Tələbkarın nümayəndəsi də öz növbəsində məhkəməyə ünvanladığı ərizəsində qətnamənin hissə-hissə icrasına razı olmadığını bildirmiş, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı tələbkarın mövqeyi qətidir və birmənalı xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamənin icra qaydasının dəyişdirilməsi işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitə kimi qiymətləndirilir və belə yanaşma Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verir. Burada bir daha nəzərə almaq lazımdır ki, möhlət verilməsi nəticəsində qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin uzun müddət ərzində başlaya bilməməsi məhkəməyə müraciət etmək hüququnun, habelə məhkəmə müdafiəsi təminatının ağlabatan müddətdə həyata keçirilməsi tələbinin pozulmasına gətirib çıxara bilər. Belə ki, artıq qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək hüququ, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Yuxarıda göstərilən səbəbdən icra üzrə icraatın uzun müddət ərzində başlanmaması məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsinin icra edilməsi tələbkarın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsini təşkil edir. Ədalət mühakiməsi isə cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Avropa Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Konvensiyanın 6-ci maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin gecikdiriməsində də təzahür edə bilər. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin məzmunundan, həmçinin yuxarıda qeyd olunan hüquq normalarından və həmin hüquq normalarının şərhi və tətbiqi praktikasından görünür ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası və icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında məsələ həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar, xüsusilə də borclunun əmlak vəziyyətinin ağırlığı nəzərə alınmalı, həmçinin bu zaman tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, qətnamənin hissə-hissə icra edilməsi məhkəmə uduşundan və bununla da mülkiyyət sayılan icra sənədində göstərilən məbləğdən yararlanmaqla ədalətli məhkəmə araşdırması hüququ və mülkiyyət hüquqlarının təmin olunmasında ifadə olunan tələbkarın marağını əhəmiyyətli dərəcədə pozacaq, tələbkarın mənafeyi ilə borclunun mənafeyi arasında ədalətli tarazlıq prinsipi pozulmuş olacaqdır. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə Borclu tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə hissə-hissə, yəni aylıq 50-100 manat məbləğində ödəniş edilməklə qətnamənin icrasının həddindən artıq uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulacağını, yəni qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizənin təmin edilməsinin tələbkarın mənafeyinə uyğun olmadığını nəzərə alaraq, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasənvə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3689/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair icra sənədi üzrə Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-916/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-916/2025
14.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver