Məhkəmə qərarları › İş №8(011)-1/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1/2022

18.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1/2022 18.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, X1 iştirakı ilə, Tələbkar Dadaşova (Xanəliyeva) Esmira Akif qızının ödənilməli olan pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Tələbkar alimentin ödənilməsi üzrə borclu tərəfindən 900 manat dəyərində yığılmış borc məbləğinin indeksasiyasının keçirilməsi və məcburi birdəfəlik qaydada ödəməyi vəzifəsinin qoyulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli, 8(011)-220/2021 nömrəli qərardadı ilə tələbkarın ərizəsi təmin edilərək X2 X4 xeyrinə 28,04 manat pulun tutulması qərara alınmışdır. Borclu tərəfindən həmin qərardaddan verilmiş şikayət Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.09.2021-ci il tarixli, 8(103)-509/2021 nömrəli qərardadı ilə qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ləğv edilmiş və şikayətə yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. Apelyasiya məhkəməsinin göstərişləri ondan ibarətdir ki, qərardadda borclunun 70 manat məbləğində ödənilməmiş aliment borcunun qalığının hansı əsasla müəyyən edildiyi əsaslandırılmalı və indeksləşmənin hansı üsulla həyata keçirildiyi göstərilməlidir. Borclu məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, onun hazırda heç bir borcu yoxdur. Ona görə də ərizənin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Nizami rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.03.2019-cu il tarixli, 2(011)-855/2019 nömrəli qətnaməsindən görünür ki, tərəflərin arasındakı nikahın pozulması, 07 aprel 2018-ci il təvəllüdlü X5 anasının yanında saxlanılması və uşağın saxlanılması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2.-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göründüyü kimi, qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Bundan əlavə, indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. İndeksasiya iflyasiya nəticəsində dəyən zərərin bərpa olunmasının üsulu olsa da, onu mülki hüququn mühüm institutlarından biri olan zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Zərərin əvəzinin ödənilməsi mülki-hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyasının belə hüquqi təyinatı yoxdur. Digər tərəfdən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ hüquqazidd əməlin, bir qayda olaraq, təqsirli törədilməsi nəticəsində yarandığı halda indeksasiyanın aparılması üçün borclunun pul məbləğinin ödənilməsinə dair qətnamənin vaxtında icra edilməməsində və ya qətnamə ilə tutulan pul məbləğinin vaxtında ödənilməməsində təqsirinin olub-olmaması hüquqi əhəmiyyət kəsb etmir. Borclu qətnaməni hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyanın həyata keçirilməsini istisna etmir. İşin şərh edilən halları ilə müəyyən olunur ki, borclunun qanunsuz hərəkətləri nəticəsində X4 hüquqlarının pozulması qanuni qüvvəsini alan məhkəmə aktlarına əsasən sübuta yetirilmiş, tələbkarın xeyrinə tutulması qət edilən pul vəsaitini cavabdehin ödəməsi öhdəliyinin yarandığı vaxtdan icra etməmiş, daha sonra icra məmuru tərəfindən borcluya icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt təyin edilsə də, borclu icra sənədini könüllü icra müddətində icra etməmişdir. Göründüyü kimi məhkəmə aktlarının vaxtında icra edilməməsi nəticəsində ərizəçiyə ödənilməli olan pul vəsaiti dəyərini əhəmiyyətli şəkildə itirmişdir. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17.06.1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Həmin Qanunun 2-ci maddəsinə müvafiq olaraq, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Lakin məhkəmə iş materialları əsasında hesab edir ki, tələbkar 900 manat məbləğində pulun indeksasiya olunmasını tələb etsə də, iş materiallarında olan qəbzlərin surətindən müəyyən olunur ki, borclu tərəfindən 11.07.2019-cu il tarixdə, 16.08.2019-cu il tarixdə və 17.09.2019-cu il tarixdə 260 manat ödəniş edilmiş, bunun 160 manat hissəsi isə aylıq ödənilməli olan aliment məbləğinə çıxılmışdır. Göründüyü kimi, borclu 2019-cu il ərzində ümumilikdə 300 manat artıq ödəniş etdiyindən, məhkəmə hesab edir ki, 900 manat məbləğində deyil 600 (900 – 300 = 600) manat məbləğində pul vəsaitinin indeksasiyası aparılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli məktubdan görünür ki, istehlak qiymətləri indeksi 2018-ci il üçün 102,3, 2019-cu il üçün 102,6, 2020-ci il üçün 102,8, 2021-ci ilin yanvar-mart ayları üçün 103,9 müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, ərizəçinin indeksasiya tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin borclu X2 tutulmalı olan 600 manat məbləğində pul vəsati indeksasiya edilməklə X2 X4 xeyrinə 73,50 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.3.-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 232, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. X2 X4 xeyrinə 73,50 manat tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar