Məhkəmə qərarları › İş №8(011)-100/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-100/2023

20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-100/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, X5 Elmarsovnanın, Borclunun vəkili və nümayəndəsi X3 iştirakı ilə, X5 Elmarsovnanın Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraatın dayandırılması barədə qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Tələbkar Bakı şəhər Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X1 xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borcu ilə aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikah dövründə doğulmuş övladları onun himayəsinə verilməklə cavabdehin qazancının və ya başqa gəlirlərinin 1\3 hissəsində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət edərək övladlarının ondan alınaraq borcluya verilməsini xahiş etmişdir. Eyni zamanda Xətai rayon İcra şöbəsinə də müraciət edərək iddia tələbinə məhkəmədə baxılarkən alimentin tutulmasının dayandırlmasını xahiş etmişdir. Qeyd olunan qətnamənin icrası ilə məşğul olan icra məmuru Türkay Yusifli 30 dekabr 2022-ci il tarixdə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmişdir. Həmin qərar ona poçt vasitəsi ilə 23 yanvar 2023-cü il tarixdə təqdim edilmişdir. Borclu iddia tələbində onu uşaqlara baxmamağını əsas gətirir və həmin səbəbdən uşaqların ondan alınıb borcluya verilməsini xahiş edir. Hazırda övladları onun himayəsində qalmaq istəyirlər. Borclu hazırki iddia tələbini qaldırmaqda niyyəti aliment ödəməkdən boyun qaçırmaqdır. Onun övladlarına baxmaq, onların tərbiyyəsinə və qayğısına qalmaq kimi bir fikri yoxdur. Əgər belə bir fikri olsaydı qətnamənin yalnız alimentin təyin ediməsi hissəsində apellyasiya şikayəti verməzdi, eyni zamanda isə hazırki iddia tələbinə baxılanadək alimentin ödənilməsini dayandırması barədə ərizə verməzdi. Hazırda birgə nikah dövründə anadan olmuş övladlarının 11 və 15 yaşları vardır. İddia tələbinə məhkəmədə baxılanadək alimentin ödənilməsinin dayandırılması mümkünsüzdür. Tələbkar məhkəmə baxışı zamanı şikayət ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Borclunun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 3549/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 1197 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması, xx.xx.2022-ci il tarixdən hesablanmaqla uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. İcra sənədi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2022-ci i tarixli qərarına əsasən icra sənədi üzrə borclu Məhkəmənin 2(011)-3549/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinin qəbul olunmasına dair tələblə bağlı mübahisə qaldırdığından icra sənədi üzrə icraat dayandırılmışdır. Məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün tutulan aliment AR MPM-in tələblərinə əsasən dərhal icra edilməli olduğundan hazırki iş üzrə borclunun uşaqların tələbkardan alınaraq onun himayəsinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və həmin iddia ərizəsinin icraata qəbul edilməsi alimentin tutulmasına dair icraatının dayandırılması üçün əsas ola bilməz. Belə ki, bu halda ilk növbədə uşaqların maraqları, onların təminatının saxlanılması və diqqətəlayiq digər hallar nəzərə alınmalıdır “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı Borclu cavabdeh Nailə Orucovaya qarşı uşaq tələbi barədə iddiasına dair Bakı şəhər Xətai rayon Məkhəməsinin 2(011)- 1113/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə qeyd edir ki, həmin iş üzrə rəy məhkəməyə daxil olduqdan sonra iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi, həmin məhkəmə qərarından yuxarı instansiya məhkəmələrinə şikayət veriləcəyi təqdirdə keçən uzun müddət ərzində uşaqlara alimentin ödənilməsinin dayandırılması, onların maddi təminatının qarşılanmaması uşaqların mənafeyinə birbaşa zidddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru, Yusifli Türkayın xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar