Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1025/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi ilə Tələbkar MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-7591/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən borclu X1 "xxxx" MMC-nin xeyrinə cəmi 1000.50 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X3 həmin icra sənədini icra etməmişdir. Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyevanın xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı Şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-7591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bakı şəhər Xətai rayon İcra Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir.
2. Bakı şəhər Xətai rayon İcra Şöbəsi xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. İcra məmuru bu müddət dövrü ərzində borclu barəsində onun əmlak və gəlirlərinın axtarışı məqsədilə lazımi bütün tədbirləri (daşınar və daşınmaz əmlakların qeydiyyatını aparan müvafiq orqanlara sorğu verilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması, məcburi gətirilmə, inzibati məsuliyyətə cəlb olunması və s.), habelə qanunvericiliklə müəyyən olunmuş digər məcburi icra tədbirlərini görməmişdir. Bununla yanaşı, icra məmuru "İcra haqqında" AR Qanunun 23.1.3-cü maddəsinə əsasən, tələbin icrasının mümkün olmadığını bildirsə də, bu haqda müvafiq akt tərtib etməmiş və tələbkara məluma verməmişdir. İcra məmurunun qərarında qeyd olunan akt isə yalnız icra məmurunun borclunun qeydiyyatda olduğu ünvana getməsi və həmin ünvanda borcluya məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlakın aşkar edilməməsi barədə olmaqla, bütün tədbirlər görülməsinə baxmayaraq tələbin icrasının mümkünsüz olmasına əsas vermir. Belə olan halda icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə tələbkarın hüquqları pozulur. Bununla yanaşı tələbkar "xxxx" MMC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir.
3. Bakı şəhər Xətai rayon İcra Şöbəsinin icra məmuru Samirə Məşədiyevanın "icra sənədinin geri qaytarılması haqqında" xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
4. Tələbkara, borcluya və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmişvə iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
5. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarı.
6. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
7. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası : 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
8. İcra Haqqında Azərbaycan Respublikası Qanunu 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 3.1. məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını və icra işini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir.
10. Belə ki, xx.xx.2025-ci il tarixli İcra sənədinin qaytarılması haqqında Qərarda icra vərəqəsinin icrasının qeyri-mümkün olması əsasları qeyd edilmişdir. İcra məmuru tərəfindən icra sənədinin icrasının qeyri-mümkün olması belə əsaslandırılmışdır ki, "Elektron icra" sisteminin çıxarışına əsasən borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olmaması təqaüd almaması mülkiyyətində heç bir əmlak olmaması aşkar edilmişdir. Həmçinin, borclu X2 icra sənədində göstərilən ünvan 1 ünvanına baxış keçirilərək, tələbin yönələ biləcəyi hər hansı əmlak aşkar olunmayaraq bu barədə müvafiq akt tərtib olunmuşdur.
11. İcra Haqqında Azərbaycan Respublikası Qanununa əsasən, Notariusun icra qeydi tələbkara borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə qaytarılmalıdır. (§8)
12. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, İcra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdə, eyni zamanda məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş icra işinin materiallarında icra məmuru tərəfindən bütün zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticə verməməsi ilə bağlı sübutlar öz əksini tapmamışdır.
13. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(011)-7591/2023 saylı icra vərəqəsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı ləğv edilməlidir.
14. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə
QƏRARA ALDİ:
1. Şikayət təmin edilsin.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(011)-7591/2023 saylı icra vərəqəsi üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli Qərarı ləğv edilsin.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova