Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1055/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)-459/2022-006 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1964-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 15.506,76 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumunun tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. Borclu məxsus "Kia Besta" yük markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, avtomobilin axtarılması üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş lakin axtarış nəticə verməmişdir. xx.xx.2023-cü il tarixdə Borclu izahat verərək, qərardan narazı olduğunu, borcu yalnız məcburiyyət qarşısında qalaraq ayda 100 manat ödəyə biləcəyini, mülkiyyətində əmlak olmadığını və sonuncu dəfə 2023-cü il tarixində ölkə xaricində olduğunu bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq təqdimatda icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatın əsassız olduğunu əsas gətirməklə təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Borclu izahatında bildirmişdir ki, 2023-cü ildən etibarən hər ay 100 manat ödəniş etmişdir. Sonradan işə qəbul olunmuşdur və həmin vaxtdan əmək haqqından tutulmalar hər ay edilir. Aylıq əmək haqqı 600 manat təşkil edir. Borca görə hər ay 300 manat tutulma olur. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)- 459/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, cavabdeh Borclu 14506,76 manat məbləğində əsas borc, 1000 manat məbləğində dəbbə pulu, cəmi 15506,76 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Şirkətinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai rayon İcra şöbəsinin Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(113)-459/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarı və icra sənədinin surətini Borclu tərəfindən 25 yanvar 2023-cü il tarixdə qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-50/2023 saylı 19 yanvar 2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Borclu məxsus “Kia Besta” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 15 mart 2023-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərarın surətindən görünür ki, Borclu mülkiyyətində olan “Kia Besta” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Borclu tərəfindən "xxxx" Şirkətinə məhkəmə qərarı üzrə 600 manat ödəniş olunmuşdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Borclu "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 600 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.3-cü maddəsunə məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunverici borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə əsası kimi icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi ilə şərtləndirmişdir. Lakin Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatında borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini əsaslandırmamış, bununla bağlı müvafiq sübutlar təqdimata əlavə etməmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş digər sübut və dəlillərlə, həmçinin borclunun izahatı ilə borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınm icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda da göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda - icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “X1 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" 26 may 2017-ci il tarixli qərarında göstərilir ki, “İcra haqqında” Qanunun və Təlimatın (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın) müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət etməlidir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Eyni zamanda həmin Qərarda qeyd olunur ki, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti » məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən bu cür tədbirin həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, adıçəkilən tədbir borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nəzərə almaq lazımdır ki, bir tərəfdən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması borclunun cəzalandırılması vasitəsi deyil, onun tərəfindən məhkəmə qərarı ilə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməsinə xidmət edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə hazırda Borclu icra sənədinin üzürsüz səbəbdən icra etmədiyi təsdiq olunmadığından, həmçinin onun əmlakı üzərinə həbs qoyulduğundan, əmək haqqına tutulmalar yönəldiyindən və icra sənədi üzrə tutulmalı olan borc məbləğindən edilmiş ödənişlər tələbkar tərəfindən qəbul edildiyindən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Odur ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-1055/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1055/2024
30.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver