Məhkəmə qərarları › İş №8(011)-1081/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1081/2022

24.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1081/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu iştirakı ilə Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu əmlakları üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova, Borclu məxsus “VAZ 21074” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borcludan 2287 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, sürətli bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində “VAZ 21074” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər müəyyən edilmişdir. Hazırda icra sənədi üzrə heç bir ödəniş edilməmişdir, habelə ümumi məbləğin 7% icra ödənişi ödənilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bununla bağlı icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, tələbkardan nəvəsi üçün telefon almış, bununla da borcu yaranmışdır, daha sonra yoldaşı vəfat etmişdir, bu səbəbdən borcunu ödəyə bilməmişdir, ödəyə bilmədiyi üçün məhkəmə sənədi ilə tutulması qərara alınmışdır, hazırda da maddi vəziyyətləri aşağıdır, borcunu hissə-hissə ödəyəcəkdir, adına olan avtomobillərin üzərinə həbs qoyulmasını istəmir, “Mercedes Benz” minik markalı avtomobili başqa qohumuna satmışdır, hazırda o istifadə edir. Sonda Borclu təqdimatın rədd edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xətai rayon icra şöbəsinin və tələbkarın nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə - icra sənədinə əsasən, borcludan 2267 manat borc, 20 manat xərc olmaqla, cəmi 2287 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon İcra şöbsəi tərəfindən xx.xx.2021-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş Borclu göndərilmiş, həmçinin “Borclu tərəfindən imza edilməklə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, “VAZ 21074” minik markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda (10 gün) borclu tərəfindən icra edilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə mövcud borcun həcmini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə, təqdimatın “Borclu məxsus olan digər avtomobilin üzərinə həbs qoyulması” hissəsinə qiymət verərək hesab edir ki, borclunun icra sənədi üzrə borc məbləği (2287 manat + 7% icra ödənişi), üzərinə həbs qoyulması nəzərdə tutulan daşınar əmlakların ümumi dəyərinə mütənasib deyil, borclunun mülkiyyətində olan avtomobillərin dəyəri iddia tələbinin həcmindən dəfələrlə yüksək olduğuna və məhkəmə tərəfindən həbs qoyulması müəyyən olunan digər avtomobilin dəyəri məhkəmə əmrinin icrasını təmin etdiyindən, təqdimatda göstərilən borcluya məxsus digər “VAZ 21074” minik markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məqsədəmüvafiq deyil və borclunun hüquqlarının əsassız pozulmasına səbəb ola bilər Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Xətai rayon Məhkəməsinin 2(011)-7972/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz 190” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar