Məhkəmə qərarları › İş №8(011)-1086/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1086/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1086/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1 iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, ödəməli olduğu pul vəsaitinin əmək haqqının 50 faizi yox 10 faizi olmaqla hissə-hissə ödəməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsində xx.xx.2024-cü il tarixli 2(011)-5633/2024 saylı məhkəmə əmri çıxarılmışdır. Maddi vəziyyəti aşağı olması, əlavə olaraq öhdəliyində başka bank ABB-yə krediti olduğu üçün və Tam karta borcu oduğu üçün əlavə olaraq kirayədə qaldığım üçün qətnamə üzrə müəyyən edilmiş məbləği əmək haqqının 50 faiz şəkilində ödəmək imkanı yoxdur. Borclu məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra, məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları nəzərdə tutmuşdur. Bunlar 3 formada - qətnamənin icrasına möhlət vermə, qətnaməni hissə-hissə icra etmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər. Borclu Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5633/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamənin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar