Məhkəmə qərarları › İş №8(011)-1092/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1092/2024

05.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1092/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Borclu2 iştirakı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4747/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli– Borclu1 məxsus olan Bakı şəh, Xəzər ray, Buzovna qəs,1818F saylı və Bakı şəh, Xəzər ray, Buzovna qəs,1816E saylı torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4747/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu1, Borclu2 3375.12 manat məbləğində pul vəsaiti və 62.45 manat dövlət rüsumu tutularaq Tələbkar-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu1 icra sənədində qeyd oluna ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus olan Bakı şəh, Xəzər ray, Buzovna qəs,1818F saylı və Bakı şəh, Xəzər ray, Buzovna qəs,1816E saylı torpaq sahələri müəyyən edilmişdir. Borclu2 məhkəmə iclasında təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar, digər borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Təqdimata əlavə edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4747/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu1, Borclu2 3375.12 manat məbləğində pul vəsaiti və 62.45 manat dövlət rüsumu tutularaq Tələbkarnin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb üzərinə həbs qoyulması xahiş edilən əmlaklara mütənasib deyildir. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş gəlir məlumatları barədə çıxarışdan görünür ki, Borclu1 "xxxx" MMMC–də komendant vəzifəsində işləyir, aylıq gəliri 450 manat təşkil edir. İş materiallarında olan, Tələbkar tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Borclu2 tərəfindən xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023-cü il tarixdə 122,76 manat, xx.xx.2023-cü il tarixdə 123,75 manat, xx.xx.2024-cü il tarixli mədaxil qəbzlə 100 manat ödənilmişdir. Məhkəməyə təqdim edilmiş icra işindən görünür ki, xx.xx.2023-cü il tarixdə icra məmuru Vüsal Umarov tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası haqqında bildiriş borclulara göndərilmişdir. İcra işinə əlavə olunmuş Borclu1 izahatından görünür ki, qeyd olunan borcdan başqa əlavə borcları olduğu üçün hər ay 100 manat ödəyə bilər. Məhkəməyə təqdim edilmiş icra işinin materiallarına əlavə olunan qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 125 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023-cü il tarixdə 124 manat ödəniş olunmuşdur. İcra işindən görünür ki, "xxxx" MMMC-yə ünvanlanmış məktubdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 əmək haqqından borc tam ödənilənə qədər hər ay 30% miqdarında pul tutularaq tələbkara məxsus bank hesabına köçürülməli, həmçinin borc tam ödənildikdən sonra ümumi borcun 7% həcmində icra ödənişi (204,63 manat) hazırki təklifə əlavə edilmiş Xətai rayon icra şöbəsinin depozitonə köçürülməsinin təmin edilməsi və icranın həyata keçirilməsi və nəticəsi barədə şöbəyə məlumat verilməsinin təmin edilməsini xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi barədə e-xidmətlərdən əldə olunmuş məlumatdan görünür ki, Borclu2 və Borclu1 ölkədən çıxışlarına heç bir məhdudiyyət qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti tam ödənilmədiyindən, bununla da icra sənədinin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimat əsassızdır. Ona görə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan əmlakların dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən əmlakların üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməldir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur, hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Hazırkı təqdimatda borclunun ödəniş etdiyi nəzərə alaraq qalıq 2898.61 manat borc məbləğinə görə əmlaklarının üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. Habelə məhkəmənin sorğusu ilə təqdim edilən icra işinə əlavə olunmuş qəbzlərdən və Tələbkar tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, borclular tərəfindən ödənişlər olunmuş, icra tədbirlərinin həyata keçirilməsindən yayınmamışdırlar. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun üzərinə həbs qoyula biləcək mütənasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üzərinə həbs qoyulması tələb olunan əmlakların dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil etdiyindən, göstərilən əmlakların üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu1 məxsus olan Bakı şəh, Xəzər ray, Buzovna qəs,1818F saylı və Bakı şəh, Xəzər ray, Buzovna qəs,1816E saylı torpaq sahələrinin üzərinə həbs qoyulması barəsində təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar