Məhkəmə qərarları › İş №8(011)-1117/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1117/2022

30.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1117/2022 30.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Borclu X3 iştirakı ilə Borclu X3 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3648/2021 saylı 07 may 2021-ci il tarixli Qətnaməsinin hissə-hissə icrası barədə (hər ay onun tərəfindən iddiaçıya 250 manat ödənilməklə) qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu - ərizəçi Z.İ.Hüseynov ərizəni müdafiə edərək bildirdi ki, Xətai rayon Məhkəməsinin 2(011)-3648/2021 saylı 07 may 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 24000 manat və 30 manat rüsum tutularaq tələbkara verilməlidir, hazırda özü və ailəsi maddi cəhətdən çox çətinlik çəkir, ailədə tək işləyən özüdür, himayəsində iki azyaşlı övladı var, ailəsi, atası və anası öz himayəsindədir, ailədə yeganə işləyən özüdür, yoldaşı, atası və anası şəkər xəstəliyindən əziyyət çəkir, onların xərcləri öz üzərindədir, əmək haqqı 900 manatdır, əmək haqqı ilə yenə də maddi təlabatlarını qarşılaya bilmirlər, belə zamanda icra məmuru qətnaməni icra etməməklə onu təqsirləndirir və məsuliyyətə cəlb edəcəyini bildirir. Sonda Z.İ.Hüseynov ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar və Xətai rayon icra şöbəsinin icra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını dinləyərək, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3648/2021 saylı 07 may 2021-ci il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X2 24000 manat, X1 500 (beş yüz) manat alınaraq Borclu verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Borclu xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-3648/2021 saylı 07 may 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, məhkəmə aktı 18 oktyabr 2022-ci il tarixdə icra edilməsi üçün göndərilmişdir. İş materiallarından görünür ki, ərizəçi X5 ilə rəsmi nikahdadır, onun xx.xx.2006-cı il və xx.xx.2015-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarında olan Qaradağ rayonu 9 nömrəli BŞX-nin konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş 1126 №-li tibbi arayışın surətinə əsasən, X6 xx.xx.2021-ci il tarixdən 9 nömrəli BŞX-nin poliklinika şöbəsində “şəkərli diabet tip 2, insulindən asılı, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Qaradağ rayonu 9 nömrəli BŞX-nin konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş 1127 №-li tibbi arayışın surətinə əsasən, X8 xx.xx.2021-ci il tarixdən 9 nömrəli BŞX-nin poliklinika şöbəsində “şəkərli diabet tip 2, insulindən asılı, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən Çıxarışdan görünür ki, X3 adına ********** qeydiyyat nömrəli mənzil, “Nissan Sunny” minik markalı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü borclu şəxsin əmlak vəziyyəti və digər hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin “iki azyaşlı uşağının olması, yoldaşının və valideynlərinin şəkər xəstəliyindən əziyyət çəkməsi və s.” kimi dəlilləri bu məqsədlə kifayət deyil. Belə ki, borclunun izahatından və iş materiallarından da göründüyü kimi, Z.İ.Hüseynov hazırda işləyir, aylıq gəliri vardır, həmçinin onun adına daşınar və daşınmaz əmlaklar (mənzil və nəqliyyat vasitəsi) qeydə alınmışdır ki, bu da onun tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu X3 “Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3648/2021 saylı 07 may 2021-ci il tarixli Qətnaməsinin hissə-hissə icrası” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar