Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1119/2025 03.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi X5 qızının katibliyi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun qanunsuz hərəkətindən şikayətinə dair açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin şikayətdə qeyd edilən halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-449/2024 saylı qətnaməsi ilə borclu X2 Şərur Mənzil Tikinti Kooperativindən evin alınması üçün ödənilən vəsaitin yarısını təşkil edən 23.956,96 manat və banka ödənilən vəsaitin yarısını təşkil edən 18.321,50 manat pul vəsaiti, ümumilikdə, 42.278,46 (qırx iki min iki yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat və 15 adda qızıl-zinət əşyalarının dəyəri 15.087 (on beş min səksən yeddi) manat pul tutularaq iddiaçı X3 ödənilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-323/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, mərtəbə 14, m 4-də yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulmuşdur. Buna baxmayaraq icra məmuru Vüsal Umarov qanunsuz və əsassız olaraq həbs qoyulmuş əmlakın X1 yox, valdeyinlərinin yaşayış yeri olması, bundan əlavə olaraq mübahisəli mənzil ola-ola, heç bir mübahisə olmayan əmlakın qiymətləndirilməsini təşkil etmiş və əsassız olaraq ailənin yeganə yaşayış yerini hərraca çıxarmağı qərara almışdır. Çünki məhkəmədə mübahisələndirilən ev "ünvan 1 ünvanında tikilmiş və ya tikilən yaşayış kompleksinin bina 2, giriş 1, 4-cü mərtəbədə 2 otaqlı, 9 saylı mənzilidır. Ancaq Xətai rayon İcra şöbəsinin İcra məmuru Vüsal Umarov isə qərəzli şəkildə on ay bundan öncə ərizəçinin adına bağışlanmış mənzili qiymətləndirməyə göndərmişdir.
3. Son olaraq ərizəçi Xətai rayon Məhkəməsinin 2(011)- 2(011)-449/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanunsuz hərəkətinə (yaşayış yerinin qiymətləndirilməsi və hərraca çıxarılması) son qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.
İşə baxan məhkəmənin mövqeyi:
5. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə rədd edilməlidir.
6. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
7. Ərizəçi Xətai rayon Məhkəməsinin 2(011)- 2(011)-449/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanunsuz hərəkətinə (yaşayış yerinin qiymətləndirilməsi və hərraca çıxarılması) son qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Ərizənin məzmunundan görünür ki, ərizəçi icra sənədi üzrə icraatın dayandırılmasını, yaşayış yerinin qiymətləndirilməsi və hərraca çıxarılmasının dayandırılmasını tələb etmişdir. Lakin məhkəmə hesab edir ki, bu tələb məhkəmənin məhkəmə qərarının icrasına nəzarət səlahiyyətindən kənarda qalan məsələlərlə bağlı olması səbəbindən yaşayış yerinin qiymətləndirilməsi və hərraca çıxarılmasının dayandırılması ilə bağlı məsələlələr iddia icraatı qaydasında məhkəmə mübahisələndirilməlidir.
9. Belə ki, məhkəmə qərarının icrasının dayandırılması, o cümlədən yaşayış yerinin qiymətləndirilməsi və hərraca çıxarılması ilə bağlı icra hərəkətlərinin dayandırılması məhkəmə qərarlarının icrası üsulunun müəyyən edilməsi ilə bağlı aidiyyat qaydaları ilə bağlı mülki prosessual qanunvericilik normalarında nəzərdə tutulmamışdır.
10. Eyni zamanda məhkəmə araşdırması zamanı icra məmurunun qanunsuz hərəkətlərinin mövcudluğu halı aşkarlanmamışdır.
11. Göstərilən xüsusatlara əsasən, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun qanunsuz hərəkətindən şikayətə dair ərizəsi rədd edilməldir.
12. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun qanunsuz hərəkətindən şikayətə dair ərizəsi rədd edilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova