Məhkəmə qərarları › İş №8(011)-1120/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1120/2024

04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1120/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2330/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1999-cu ildə anadan olmuş və Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi, 7, 19 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5805,2 manat məbləğində pul vəsaiti və 82.4 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq təqdimatda icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə borclu, icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəni nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-2330/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, Borclu 5805,2 manat məbləğində pul vəsaiti və 82.4 manat dövlət rüsumu tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemində olan çıxarışdan görünür ki, Borclu mülkiyyətində “BMW 320” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunolaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi qanunverici borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə əsası kimi icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatında borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsini əsaslandırmamışdır. Bununla yanaşı iş materiallarına əlavə edilmiş digər sübut və dəlillərlə borclu tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatda da göstərilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda - icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Həmçinin işdə olan sübutlarla təsdiq olunur ki, borclunun mülkiyyətində əmlak mövcud olduğu halda borcun həmin əmlakın hesabına ödənilməsi ilə bağlı icraçı tərəfindən müvafiq tədbirlər görülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialları ilə hazırda Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınması təsdiq olunmadığından, həmçinin icra sənədi üzrə borc məbləğinin yönəldilməsi üçün borclunun mülkiyyətində əmlakın olması nəzərə alınaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva tərəfindən verilmiş Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar