Məhkəmə qərarları › İş №8(011)-1149/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1149/2025

26.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1149/2025 26.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, X1, Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi X5 iştirakı ilə X1 icra məmurunun hərəkətsizliyindən şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 şikayətlə müraciət edərək, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra orqanına məhkəmə qətnaməsinin təcili və məcburi qaydada icrasını təmin etmək barədə göstəriş verilməsi, icra prosesinin gedişi barədə ona yazılı məlumat verilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə ilə Borclu1 və digərlərinin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə 16 aprel 2024-cü il tarixdə qanuni qüvvəsini almış və Xətai Rayon İcra Şöbəsinə icra üçün göndərilmişdir. İcra sənədi icra məmuru Elşən Bəşirlinin icraatındadır. Lakin icra sənədinin verilməsindən və qətnamənin qanuni qüvvəyə minməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, bu günədək qərarın icrası təmin edilməmişdir. İcra məmuru tərəfindən heç bir real tədbir görülmədiyindən, məhkəmə qərarının uzun müddət yerinə yetirilməməsi Azərbaycan Respublikasının “İcra haqqında’' Qanununun 10, 33 və 34-cü maddələrinin tələblərinin pozulmasıdır. Bu, həmçinin vətəndaşın ədalətli məhkəmə araşdırması və məhkəmə qərarının icra hüququnun pozulması hesab olunur. X2 şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru X9 izahat verərək, icra vərəqəsi üzrə bütün zəruri hərəkətlərin edildiyini, Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə verilmiş sorğuya cavabdan əldə edilmiş məlumata əsasən borclulara mənzilin təqdim edilmədiyi müəyyən edildiyi və hal-hazırda köçürülmə siyahısında olmadıqlarını bildirmişdir. Borcluların məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunduğunu və təqdimatın təmin olunaraq məcburi gətirilib izahatlarının alındığını qeyd etmişdir. Borclular şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın, borcluların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti, şikayətə əlavə olunan sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə cavabdehlər X3, Borclu2, Borclu3 və Borclu4 Bakı şəhəri, Xətai rayonu. General Şıxlinski küçəsi məhəllə 2942D. ev 1, mənzil 28 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmaları, iddiaçı X4 ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borclulara göndərilmişdir. Eyni zamanda tələbin təmini məqsədilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2025-ci il tarixlərində borclulara xəbərdarlıq məktubları göndərilmişdir. xx.xx.2025-ci il tarixində icra məmuru X9 tərəfindən Xətai Rayon Məhkəməsinə borclunun məcburi gətirilməsi barədə təqdimat təqdim olunmuşdur. Xətai Rayon Məhkəməsinin 8(011)-573/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4, ev 1, mənzil 28 (Yeni qaydalarla: ünvan 5 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü borclu Quliyeva (Şıxalıyeva) Məlahət Məhərrəm qızı, xx.xx.1987-ci il təvəllüdlü Borclu3, xx.xx.1989-cu il təvəllüdlü Borclu4, xx.xx.1985-ci il təvəllüdlü Borclu2 Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Borclu4 tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsində verilmiş izahatdan görünür ki, Borclu4 dövlət tərəfindən evlə təmin olunmadığı üçün mənzildən çıxmamışdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə də ziddir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən u Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Beləliklə, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru hərəkət və ya hərəkətsizliyindən şikayətlərə icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydasının 3-cü maddəsinə əsasən məcburi köçkünlər köçürülərkən mənzil sahəsinin həcmi, yararlılığı, su, istilik, elektrik enerjisi, yaşayış üçün zəruri olan digər amillər nəzərə alınmalıdır. Onlar əvvəlki yaşayış məntəqəsi daxilində məskunlaşdırılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2025-ci il tarixdən sonra qanunla nəzərdə tutulmuş qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasına yönəlmiş hər hansı bir tədbir görüldüyü müəyyən edilmədiyindən, icra vərəqəsinin icra olunmasında icra məmurunun tərəfindən hərəkətsizliyin olması müəyyən edilir. Odur ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirliyə icra edilməsi istiqamətində zəruri icra tədbirlərinin həyata keçirilməsi vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin hərəkətsizliyi qanunsuz hesab edilsin. İcra məmuru Elşən Bəşirlinin üzərinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməsi istiqamətində zəruri icra tədbirlərinin həyata keçirilməsi vəzifəsi qoyulsun. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar