Məhkəmə qərarları › İş №8(011)-1196/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1196/2024

09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1196/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimov, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4958/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 6500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4958/2024-006 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 6100 (altı min yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat, hüquqi xidmət haqqının əvəzi olaraq 320 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Daşqın Həsənəliyev tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş göndərilmişdir. Məhkəmə araşdırması zamanı “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilmişdir ki, Tələbkar xx.xx.2024-cü il tarixdə ölmüşdür. Tələbkarın ölməsinə baxmayaraq, icra məmuru tərəfindən tələbkarın hüquqi varisinin müəyyən edilməsi və onunla əvəz edilməsi istiqamətində hər hansı prosessual hərətlər edilməmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ölmüş tələbkarın hüquqi varisi müəyyən edilərək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilmədiyindən hazırki icra sənədi üzrə hər hansı məcburi icra tədbirlərinin həyata keçirilməsi yolveriləzdir. Odur ki, Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar