Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-12/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Məmmədvəlili Nərmin Telman qızının katibliyi Tələbkar Borclu (ərizəçi) X1 iştirakı ilə Borclu (ərizəçi) X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-7106/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin ərizədə qeyd edilən halları:
1. İddiaçı Tələbkar cavabdehlər X3, İradə Kərimovaya və X4 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-7106/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və X2, İradə Kərimovanın və X1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması qət edilmişdir.
3. xx.xx.2023-cü il tarixdə cavabdeh X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-7106/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4230/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-7106/2021 nömrəli qərardadına əsasən, X5 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. X5 həmin qərardaddan şikayət vermişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 nömrəli xx.xx.2023cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6532/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7106/2021 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Tərəflərin izahatı:
8. Məhkəmə iclasında iştirak edən borclu (ərizəçi) X5 öz izahatında qeyd etmişdir ki, tələbədir, hal-hazırda ali təhsil alır və işləyir. Lakin əmək haqqı çox aşağıdır, ailə başçısı hal-hazırda həbsdə olduğundan ailənin bütün ehtiyaclarını özü qarşılayır. Hazırda başqa bir evə köçmək və ya kirayə ev tutmaq üçün maddi imkanları yoxdur. Odur ki, məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Tələbkar öz izahatında qeyd etmişdir ki, qətnamənin icra edilməsi üçün borclulara kifayət qədər şərait yaradılmış, dəfələrlə onlara mənzildən çıxmaları üçün vaxt verilmişdir, lakin borclular qətnamənin icrasından aşkar şəkildə yayınmışlar. Tələbkar qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Konstitusiyası:
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. 234.1. ... qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı: ... Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
14. İcra haqqında Azərbaycan Respublikasının Qanunu:
15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
İşə baxan məhkəmənin mövqeyi:
15. Məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-7106/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizənin dəlillərini, tərəflərin izahını dinləyərək hesab edir ki, ərizə rədd edilməlidir.
16. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərindən aydın görünür ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
17. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, X2, İradə Kərimovanın və X1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 92, 38 saylı mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası adından çıxarılır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
18. Eyni zamanda tələbkar məhkəmə iclasında verdiyi izahda borcluya kifayyət qədər vaxt verdiyini 2021-ci ildə qəbul edilmiş qətnamənin hələ də icra edilmədiyi qeyd etmiş, ərizənin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarında da qeyd edilir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına, tələbkar uzatmaya etiraz etdiyini, o cümlədən möhlətin verilməsinin müstəsna xarakter daşıması, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olması halları aşkar edilmədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(011)-7106/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə rədd edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Ərizə rədd edilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova