Məhkəmə qərarları › İş №8(011)-120/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-120/2025

20.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-120/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar Maraqlı şəxs, Borclunun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, X1 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5339/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi və icra vərəqəsi əsasında müəyyən edilmiş alimentin tutulması hissəsində qətnamənin icra qaydasının dəyişdirilərək, alimentin 50% hissəsinin xx.xx.2017-ci il təvəllüdlü X2 adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 5339/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Həmin qətnamə ilə xx.xx.2017-ci il təvəllüdlü X3 tələbkarın yanında saxlanılması, borcludan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024cü il tarixdən hesablanmaqla hər ay onun əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq tələbkara ödənilməsi qərara alınmışdır. Hazırda alimentlə bağlı icra vərəqəsi borclunun əsas iş yerinə daxil olmuş və icra edilməkdədir. Məhhkəmə icraatı zamanı o, fərdi sahibkarlıqla məşğul olmuş, ondan əvvəl isə maksimal gəlirləri 2500 manat təşkil etmişdir. Hazırda o, ixtisas və peşəkar təcrübəyə uyğun olaraq daha yüksək maaşlı işlə təmin edilmişdir. Hazırkı ümumi əmək haqqı 9314,66 manat, xalis (net) əmək haqqı 8000 manat təşkil edir. Hazırkı halda əmək haqqından tutulan alimentin məbləği ən azı hər ay 2000 manat təşkil edir. Lakin tutulan məbləğin uşağın təminat xərcləri ilə qeyri-mütənasibdir və hazırkı halda uşağın mənafeləri baxımından ödənilən alimentin 50 faiz həcmində hissəsi uşağın adına açılmış bank hesabına köçürülməklə icra edilməlidir. Bu, uşağın gələcək təminatı rolunda çıxış edəcək, onun 18 yaşı tamamlandıqda müəyyən maddi təminatla öz həyatına atılmasına rəvac verəcəkdir. Borclu məhkəmə iclası zamanı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclası zamanı ərizəyə etiraz edərək bildirdi ki, uşağın sağlamlığına olan problemlə əlaqədar müayinəyə gedir, müalicələr alır. Həmçinin, təhsildən əlavə kurslara da cəlb edilib. Sonuncu dəfə ödənilmiş alimentnin məbləği 2000 manat, əvvəlki ay isə 1500 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, alimentlə bağlı mübahisələrin həlli zamanı məhkəmə ilk növbədə uşağın mənəfeyini nəzərə almaqla, təyin ediləcək aliment və onun məbləğinin uşağın həm əvvəlki həyat şəraitini bərpa etmək, həm də gələcəkdə davamlı maddi təminatla təmin olunması üçün yetərli olub-olmamasını aydınlaşdırır. Alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşaqların məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin bir hissəsindən məhrum edilməsi ilə bağlı deyil, uşaqların saxlanması üçün müəyyən edilmiş aylıq ödənişin müəyyən hissəsinin uşaqların mənafei aminə onların hesabına toplanması ilə bağlıdır. İş materialları əsasında müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5339/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X3 tələbkarın yanında saxlanılması, borcludan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024cü il tarixdən hesablanmaqla hər ay onun əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə alimentin miqdarı borclunun əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında tutularkən borclunun maddi vəziyyəti nəzərə alınmışdır. Belə ki, həmin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu "xxxx" MMC-də rəhbər vəzifəsində işləyir və onun aylıq əmək haqqı 9314,66 manat təşkil edir. Həmçinin, borclu fərdi sahibkarlıqla məşğul olan vergi ödəyicisi kimi də qeydiyyata alınmışdır. İş materiallarından göründüyü kimi, iddiaçı əmək müqaviləsi əsasında çalışır və əmək haqqı rəsmi olaraq 9314,66 (GROSS) manat təşkil edir. Tərəflərin məhkəmə iclasında verdikləri izahata əsasən borclunun əmək haqqından tutulma nəticəsində hər ay təxminən 1500-2000 manat məbləğində aliment ödənişi həyata keçirilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunacağı halda tutulacaq alimentin 50 faizi, yəni təxminən 1000 (2000*0.50=1000) manat hissəsi bank hesabına ödəniləcək. Məhkəmə qeyd edir ki, tutulacaq alimentin yarısının bank hesabına köçürüləcəyi halda, tələbkarın (ananın) sərəncamında 1000 manat məbləğində pul qalacaqdır ki, uşağın əvvəlki maddi təminatı nəzərə alındıqda, həmin vəsaitlə uşağın saxlanma xərclərini ödəmək kifayət etməyəcəkdir. Belə ki, həmin məbləğdə aliment yaşayış minimumundan yüksək olsa da, məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunur ki, yetkinlik yaşına çatmayan Safiya Muştaqovaya “Artro Med” Tibb Mərkəzinin həkimi tərəfindən əsas sol ayaq olmaqla, hər iki ayaqda valqus probleminin olması və kifotik duruş, sol skopulanın qabarıq olması diaqnozu ilə mütəmadi olaraq müayinələrdən keçir. Həmçinin, tələbkar bildirmişdir ki, uşaq əlavə olaraq ingilis dili kursuna, basketbol məşğələlərinə və şahmat dərslərinə qoşulur. Məhkəmə uşağın hələ azyaşlı olduğunu, maddi təminatından da başqa əlavə xərclərə ehtiyacının olmasını, eyni zamanda bank hesabında yığılacaq alimentin bir hissəsinin onun gələcək ehtiyaclarının təmin olunması baxımından mənafeyinə uyğun olmasını nəzərə alaraq, hesab edir ki, tutulan alimentin 50 faiz hissəsinin deyil, 40 faizinin bank hesabına köçürülməsini uşağın hazırda saxlanması, təhsili, tərbiyəsi, istirahətinin təşkili baxımından daha məqsədə uyğun hesab edilə bilər. Belə ki, alimentin 40 faizinin, təxminən 800 manat (2000*0,40=800) hissəsinin bank hesabına köçürülməsi halında tələbkarın (ananın) sərəncamında 1200 manat məbləğində pul qalır ki, həmin vəsait də uşağın indi vaxtda saxlanması və ehtiyaclarının ödənilməsi üçün kifayətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Ərizə qismən təmin edilsin. X4 xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment məbləğinin 40 (qırx) faizi X3 xeyrinə, onun adına açılmış bank hesabına köçürülsün. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar