Məhkəmə qərarları › İş №8(011)-1205/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1205/2022

27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1205/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-732/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Bakı şəhər, Xətai rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ceyhun Həmidov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək yenidən icraya göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-732/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclunun xx.xx.2019-cu il tarixli, HK 333 saylı əmri ləğv edilməli, o, sözügedən MMC-yə proqramçı vəzifəsinə işə bərpa edilməli, xx.xx.2019-cu il tarixdən sonra ödənilməmiş əmək haqqı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı borclu tərəfindən ona ödənilməlidir. Xətai rayon icra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ceyhun Həmidov tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilmişdir. Rəsmi olaraq xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə aldığı Bakı şəhər Xətai rayon İcra şöbəsinin məlumatından və həmin məlumata qoşma edilən sənədlərdə olan icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan da göründüyü kimi elektron icra sistemindən çıxarışa əsasən ’’X2 Group” MMC-nin fəaliyyəti müvəqqəti dayandırıldığından və xx.xx.2022-ci il tarixli akta əsasən sözügedən MMC-nin icra sənədində qeyd olunan ünvanda fəaliyyət göstərmədiyindən onun sözügedən MMC-yə proqramçı vəzifəsinə bərpa edilməyi və xx.xx.2019-cu il tarixdən sonra ödənilməmiş əmək haqqı və işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi mümkün olmamış, həmçinin müvafiq bank hesablarının bağlı olduğundan icra sənədinin icrası mümkün olmamış və bu əsaslarla da icra sənədi Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. O, bu hallarla razı deyil və icra məmuru üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməmişdir. İcra işi ilə bağlı görülən tədbirlərə baxdıqda aydın olur ki, icra məmuru cəmi 4 banka müraciət etməklə kifayətlənmişdir. Ölkə üzrə onlarla bank fəaliyyət göstərir ki, bu banklara sorğu göndərilməmişdir. Ən azından ölkə üzrə ən tanınmışlardan olan Bank of Baku və Beynəlxalq Banka sorğu göndərilə bilərdi ki, bunlar da olmamışdır. Bundan başqa, icra məmuru banklarda və digər kredit təşkilatlarında hüquqi şəxsin hesabları və əmanətləri barədə məlumat olmadıqda belə məlumatları vergi orqanlarından tələb edə bilərdi ki, icra işinə baxdıqda bu hala da rast gəlinmir. “X3 Group” MMC-nin qanunu təmsilçisi X4 ilə bağlı hər hansı icra tədbirinin görülməsi həyata keçirilə bilərdi ki, bu halda gözardı edilərək heç bir tədbir görülməmişdir. Lakin icra məmuru unutmuşdur ki, İcra haqqında qanunun 27-ci maddəsinə əsasən icra sənədləri üzrə borclunun yeri məlum olmadıqda icra məmuru öz təçəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqında qərar qəbul etmə səlahiyyətinin olduğu qeyd edilir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra məmurunun qərarı ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 732/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi yenidən icraya göndərilməldir. Belə ki, iş materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 732/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş və həmin qətnamə xx.xx.2021-ci il tarixində icra olunması üçün Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Materiallara əlavə edilən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədi geri qaytarılmış və icra sənədinin geri qaytarılmasının əsası kimi borclu Cəmiyyətin fəaliyyətini müvəqqəti dayandırması, ödənilməmiş əmək haqqının və buraxma müddəti üçün hesablanmış əmək haqqının tələbkara ödənilməsinin mümkünsüz olması, müvafiq banklarda olan hesabların bağlı olması, bu səbəblərdən icra sənədinin icrasının mümkün olmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru qərarında borclunun müvafiq banklarda olan hesablarının bağlı olduğundan icra sənədinin icrasının mümkün olmadığını qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, icra məmuru yalnız 4 Banka məktubla müraciət etmişdir. Halbuki, icra məmuru borclunun bank hesabları barədə məlumat əldə etmək məqsədilə digər banklara, eyni zamanda vergi orqanlarına müraciət edə bilərdi. Lakin icra məmuru icra sənədinin icrası məqsəfdilə kifayət qədər icra tədbirləri görmədən icra sənədinin icrasının mümkün olmaması qənaətinə gəlmişdir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin qanunun 23.1-ci maddəsinə əsasən: 1) tələbkarın ərizəsi əsasında; 2) borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 3) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 4) tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 5) tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduğu hallarda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması qeyd olunmuşdur. Göründüyü kimi, icra məmuru borclunun bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərini və başqa qiymətli şeylərin olması barədə məlumat əldə edə bilmədikdə qanunvericilik ona borclunun əmlakının axtarışı barədə qərar qəbul etmək imkanı vermişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-732/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar