Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-1223/2022 30.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkarın nümayəndəsi X2, X1 iştirakı ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, ona aylıq 25-35 manat olmaqla ödəniş etməyinə dair göstəriş verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, təxminən 2 il bundan əvvəl tələbkardan kreditə televizor götürmüşdür. İşsiz olduğundan və himayəsində 3 uşaq olduğundan 1 il ödəniş edə bilməmişdir. Son bir ildə isə aylıq təxminən 25-35 manat olmaqla ödəniş edir. Hal-hazırda 4 aydır ki reabilitasiya mərkəzində aylıq 300 manat məvacib alaraq məsləhətçi vəzifəsində işləyir. Borclu məhkəmə baxışı zamanı ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Tələbkarın nümayəndəsi məhkəmə baxışı zamanı ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin o məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunvericilik qətnamə çıxarıldıqdan sonra, məzmununa toxunmadan qətnaməni çıxarmış məhkəmə tərəfindən onun icra olunması qaydasının dəyişdirilməsi ilə bağlı müəyyən imkanları nəzərdə tutmuşdur. Bunlar 3 formada - qətnamənin icrasına möhlət vermə, qətnaməni hissə-hissə icra etdirmə və qətnamənin icra üsulunun və qaydasının dəyişdirməsi qaydasında ola bilər. Qətnamənin icra üsulunun bu formalara uyğun dəyişdirilməsinin başlıca şərti isə işdə iştirak edən şəxslərin əmlak vəziyyəti və digər hallarla (məsələn, qətnamə çıxarıldıqdan sonra əvvəlki vəziyyətin dəyişməsi və bu halın qətnamənin icrasında çətinliklər yaratması və s.) bağlı ola bilər. Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5134/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə imkan verən qanunla müəyyən edilmiş əsaslarını və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, işdən göründüyü kimi, borclu qətnamənin hər ay 25-35 manat olmaqla hissə-hissə icra edilməsini tələb etdiyi halda, onun cəmi borcu 1564 manat təşkil edir. Qətnamənin hər ay 35 manat olaraq icra edilməsi nəzərə alınarsa, bu halda ümumi borc təxminən 45 ay müddətinə ödənilmiş olur ki, bu da tələbkarın məhkəmə müdafiə hüququnun pozulması ilə nəticələnə bilər. Çünki, məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) tərkib hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-1223/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-1223/2022
30.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver