Məhkəmə qərarları › İş №8(011)-127/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-127/2023

24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-127/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi Ərizəçi Borclu Ərizəçi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-752 nömrəli qətnaməsində alimentin hər iki uşağa görə tutulmasının davam etdirilməsi və ya alimentin tutulmasının dayandırılmasına dair hissəsində izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-752 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları X4 yanında qalmalı olması qət edilmişdir. Eyni zamanda hər uşağa görə 154 manat ümumilikdə 308 manat məbləğində aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-1860 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X2 atası Borclu və xx.xx.2012-ci il təvəllüdlü X3 anası X4 himayəsində saxlanılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-752 nömrəli qətnaməsində alimentin hər iki uşağa görə tutulmasının davam etdirilməsi və ya alimentin tutulmasının dayandırılmasına dair hissəsində izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, göstərilən faktlara əsasən qətnamənin alimentin tutulmasına dair hissəsində izah verilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında ərizəçi Borclu öz izahatında bildirmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-752 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları X4 yanında qalmalı olması qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-1860 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X2 atası Borclu onun himayəsində saxlanılmış, digər övladı xx.xx.2012-ci il təvəllüdlü X5 isə anası X4 himayəsinə verilmişdir. Lakin qətnamənin alimentin tutulmasına dair hissəsinə əsasən Borclu hər iki uşağa görə aliment tutulmağa davam etmişdir. Ərizəçi Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov öz izahatında bildirmişdir ki, qətnamənin alimentin tutulmasına dair hissəsinə məhkəmə tərəfindən izah verilməli və Borclu yalnız anasının himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün alimentin tutulması təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 230.1. işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3. qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il Plenumunun 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır.” İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin müraciətinə baxaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-752 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə rədd edilməlidir. İstinad olunan qanunvericiliyin tələblərindən aydın müəyyən olunur ki, hakim icra sənədində göstərilmiş tələblər aydın olmadıqda həmin icra sənədini onun məzmununu dəyişdirmədən izah edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə icra sənədinə izah verərkən yeni tələblər üzrə qərar qəbul etmək səlahiyyətində olmadığından, icra məmurunun ərizəsində qeyd etdikləri məhkəmə aktına izah verilməsi üçün əsas olmadığından məhkəmə ərizəni əsassız hesab edib təmin etmir. Tərəfin və icra məmurunun istinad etdiyi dəyişən münasibətlə bağlı məhkəmə qərarını izah etmək məhkəmənin səlahiyyətində deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-752 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizəsi rədd edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar