Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-134/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Tələbkar MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 Ömür (Ramal) Nadir oğlunun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 Ömür (Ramal) Nadir oğlunun Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(011)-1483/2021-004 nömrəli icra sənədinə əsasən Borclu (Ramal) Nadir oğlundan 1468 manat borc tutularaq Tələbkar MMC-nin xeyrinə ödənməlidir.
3. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. İcra sənədi üzrə borc 968 manat təşkil edir. Həmçinin icra sənədi üzrə tələb olunan məbləğin 7% icra ödənişi ödənilməlidir.
4. Daha sonra Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kəmalə Həsənova xx.xx.2024-cü il tarixində borclu ünvan 1 ünvanında yaşayan Borclu (Ramal) Nadir oğlunun məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərar qəbul etmişdir. Qərardan 10 gün müddətində şikayət verilməmişdir.
5. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, icra məmuru Borclu (Ramal) Nadir oğlunun məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, qətnamə qəbul edildiyi vaxtdan 3 il keçməsinə baxmayaraq hələ də icra ediməmişdir. Borclu icradan yayınır və çağırışlara gəlmir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir.
7. Borcluya və Xətai rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. AR MPM-nin 231.2-ci maddəsinə əsasən, borclunun və təqdimat vermiş icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Konstitusiyası:
129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
129. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
9. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
10. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 84.2. məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.
İşə baxan məhkəmənin mövqeyi:
11. Borclu üzrsüz səbəbdən çağırışlara gəlmədiyi və icra sənədi üzrə borc tələbini könüllü icra etmədiyi üçün onun barəsində məcburi gətirilmə tədbiri tətbiq edilə bilər.
12. Təqdimata əlavə olunan sənədlərdən müəyyən olunur ki, icra məmuru icra sənədi üzrə borclunu icra şöbəsinə dəvət etmiş, lakin Borclu (Ramal) Nadir oğlu bildirişlərə cavab verməmiş, bununla da qanuni qüvvəsini alan məhkəmə aktının icrasının təmin edilməsi mümkün olmamışdır.
13. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının olub-olmaması müəyyən edilməlidir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar).
15. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar)
16. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)
17. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
18. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməli, Borclu (Ramal) Nadir oğlu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir.
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ:
1. Təqdimat təmin edilsin.
2. xx.xx.1981-ci il təvəllüdlü Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu (Ramal) Nadir oğlu Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin.
3. Qərardadın icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova