Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-145/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5628/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından bir övladları – xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın tələbkarın yanında saxlanılması, uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
3. Tələbkar qətnamə üzrə alimentin 2025-ci il üzrə minimum əmək haqqının müvafiq hissəsinə misli artırılaraq müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Tələbkar sonradan məhkəməyə ərizə təqdim edərək uşağın saxlanılması üçün minimum əmək haqqının 6 misli miqdarında alimentin borcludan tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Tələbkar ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın tələbkarın yanında saxlanılması, uşağın saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə üzrə icra sənədi Bakı şəhəri Xətai Rayon İcrs Şöbəsindədir.
b) Borclunun ərizəyə etirazının dəlilləri:
6. Borclu ərizəyə yazılı etirazında qeyd etmişdir ki, qətnamə üzrə aliment müəyyən olunduqdan sonra hər ay ona ödənilməli olan sosial müaviənitin 105 manat hissəsi alimentə çıxılırdı. O, hazırda işləyir, əmək haqqının yarısı həm alimentə, həm də aliment borcuna çıxılır. Onun hal-hazırda 105 manatdan daha artıq məbləğdə aliment ödəməyə maddi imkanı çatmır.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, borcludan hər ay 193 manat məbləğində alimentin tutulması qət edilsə də, o, hər ay ya 105 manat, ya da 73 manat məbləğində ödəniş edir. Bu isə uşağın saxlanılması üçün kifayət deyil.
8. Borclu ərizəyə etiraz edərək bildirdi ki, onun hər ay 193 manat məbləğində aliment ödəməyə belə maddi imkanı çatmır.
İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
13. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
"Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli sərəncamı:
14. Minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvar 1-dən 300 manat müəyyən edilsin.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
15. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
16. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
19. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
20. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir.
22. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürlür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır.
23. Şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə niahından doğulmuş Aylin Ələsgərovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2022-ci il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə aparılmalıdır
24. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın tələbkarın yanında saxlanılması və Aylin Ələsgərovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, "Minimum aylıq əmək haqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli sərəncamına əsasən 2022-ci il yanvar 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 300 manat olmuşdur.
25. Şərh edilənlər nəzərə alınmaqla, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment bu qaydada indeksasiyası ediləcəkdir: 193 manat (qətnamə tutulan alimentin məbləği) : 300 manat (2022-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,64.
26. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının indeksasiya edilməsi qənaətinə gəlsə də, hesab edir ki, bu zaman borclunun da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır.
27. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar, əsasında müəyyən olunur ki, cavabdeh yenidən nikaha daxil olmuş və onun ikinci nikahından xx.xx.2022-ci il təvəllüdlü övladı X2 doğulmuşdur. Həmçinin, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş cavabdehin gəlir məlumatları əsasında müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 520 manat təşkil edir.
28. Məhkəmə qeyd edir ki, cavabdehin yüksək gəlirli rəsmi işinin, habelə əlavə qazancının olması da iş materialları ilə müəyyən edilmir. Bu halda hesablanan qaydada alimentin indeksasiya olunması onun maddi və ailə vəziyyətini həddən artıq ağırlaşdıra bilər. Tələbkar da borclunun əlavə qazanc yerinin olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir.
29. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,60 misli həddində indeksasiya edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
Ərizə qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sabit pul məbləğində tutulmuş 193 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,60 misli həddində indeksasiya edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı