Məhkəmə qərarları › İş №8(011)-153/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-153/2023

09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-153/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023-cü il tarixli 2(103)-874/2023 saylı qətnaməsinin hissə-hissə icrası barədə borclu "xxxx" MMC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023-cü il tarixli 2(103)-874/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 oktyabr 2022-ci il tarixli qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiası təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi olaraq 3.338 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Borclu "xxxx" MMC-nin direktoru ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023-cü il tarixli 2(103)- 874/2023 saylı qətnaməsinin hissə-hissə icrası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC borcun ödənilməsindən yayınmır. Lakin hazırda onun maddi imkanı çox ağırdır. Göstərilən məbləği tam şəkildə birdəfəlik ödəməyə imkanı yoxdur. Borclu və tələbkara ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu "xxxx" MMC əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin icrasının hissə-hissə icra edilməsini təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, ərizəçi məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələbkarın mənafeyi nəzərə alınmalıdır. Belə ki, yaranmış borc borclunun tələbkara vurduğu maddi zərərin əvəzini ödəməməsi nəticəsində yaranmışdır. Belə olan halda ərizə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu "xxxx" MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2023-cü il tarixli 2(103)-874/2023 saylı qətnaməsinin hissə-hissə icrası barədə ərizəsi rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar