Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-156/2022 28.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Qoşqar Həmidovun iştirakı ilə, X1 icraçının hərəkətlərindən şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Tələbkar Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidovun hərəkətlərinin qanunsuz hesab edilməsi, icra sənədinin qanuni icrasının təmin edilməsnin icra məmuruna həvalə edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmiş, habelə Borclu borcunun ödənilməsinə dair tədbir görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Baki şəhəri, Xətai rayon icra şöbəsinin icra məmurunun Qoşqar Həmidovun icraatinda olan, Xətai Rayon Məhkəməsinin 2(011)2021-015 nömrəli, 04.02.2021 il tarixli icra sənədi bu günədək lazımi qaydada icra edilmir. 11.02.2020 il tarixindən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment, cavabdeh Borclu Aydin oğlundan, X3 yetkinlik yaşına çatanadək ödənilməlidir. Lakin borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçıraraq mütəmadi ödəmir. İcra sənədi üzrə borclunun aliment borcu 2940 manat təşkil edir. Buna baxmayaraq İcra X4müvafiq tədbirlər görmək istəmir. Yığılmış borcunu ödəməsi barədə borcluya heç bir xəbəedarlıq etmir. Borclu borcunu hər ay mütamadi ödəməkdən boyun qaçırır və qəsdən ödəmir. Borclu Masallı rayonunda Heydər Əliyev prospektində üç mərtəbəli ticarət mərkəzinin sahibkarıdır və gəliri yetəri qədər olduğu halda, borcunu ödəmir. İcra məmuru Qoşqar Həmidov isə heç bir tədbir görmək istəmir. Hal hazırda 11.02.2020-ci ildən başlayaraq yığılmış borc 2930 manat olsa da, Qoşqar Həmidov 2100 manat olduğunu bildirir. Xətai rayon İcra Şöbəsinin icra məmuru Qoşqar Həmidov məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, borclu məhkəmə qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 500 manat məbləğində cərimə olunub, ölkəyə girişi məhdudlaşdırılıb, əmlakı ilə bağlı elektron qaydada sorğu edilib, adına əmlak yoxdur. Borclu hər ay 200 manat məbləğində ödəniş edir. Bunun 170 manatı alimentə, 30 manatı isə borca tutulur. Tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. İş üzrə tələbkarın və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun izahatını, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 25.02.2021-ci il tarixində Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru İsmayıl Babayev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti həmin tarixdə tələbkara göndərilmişdir. Eyni zamanda, 25.02.2021-ci il tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi bildirilmişdir. Xətai rayon İcra şöbəsinin müraciəti əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2291/2021 saylı, 09.06.2021-ci il tarixli qərarı ilə borclu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmçinin, Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidovun təqdimatı əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-643/2021 saylı, 25.08.2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan bşaqa, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Qoşqar Həmidov 28.04.2021-ci il tarixli qərarı ilə borclu barəsində axtarışı elan edilmiş, həmçinin borclunun izahatı alınmış, onun əmlak vəziyyəti ilə bağlı elektron sorğu əsasında məlumat əldə edlimişdir. Məhkəmə borclunun ərizəsinə münasibətdə bildirir ki, borclu qətnamənin icrasının mümkün olmaması ilə bağlı müvafiq hərəkətlərin edilməsinin icraçıdan tələb edə, icraçı tərəfindən qanunla nəzərdə tutulmuş hərəkətlər edilmədikdə isə, sonuncunun hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində icraata başlanılmasının əsasları əks olunmuşdur. Həmin maddəyə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1-ci maddə). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (8.2-ci maddəsi). Həmin Qanunun 43-cü maddəsinə əsasən tətbiq ediləcək məcburi icra tədbirlərinə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər daxildir. İşin qeyd edilən hallarından da göründüyü kimi, borclunun aliment borcunun ödənilməsi məqsədilə icra məmuru tərəfindən hazırkı vaxtadək qanunla müəyyən edilmiş hərəkətlər edilmiş, icra sənədi İcra şöbəsinə daxil olduqdan sonra icraata bağlamaq haqqında qərar qəbul edilib, həmin qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmiş, habelə borclunun əmlak vəziyyəti yoxlanılmış, borcunu ödəmədiyi üçün icra məmurunun müraciəti əsasında onun barəsində həm inzibati tənbeh tədbiri tətbiq edilmiş, həm də ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun elektron sorğusu əsasında borclunun mülkiyyətində əmlakı, əmək haqqı, yaxud başqa gəlirləri müəyyən olunmadığından borcun əmlaka yönəldilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və sadalanan müddəlardan da görünür ki, icra məmuru hal-hazırda borclu tərəfindən icra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq icra tədbirlərini həyata keçirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu aylıq aliment ödənişindən əlavə qalıq borcundan hər ay 30 manat ödəniş edir. Bu faktı tələbkar da öz şikayətində qeyd etmişdir. Göstərilən əsaslara, habelə qeyd edilən müddəalara əsasən məhkəmə hesab edir ki, X2 icraçının hərəkətlərindən şikayəti təmin edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, tələbkarın hazırda şikayətinin təmin edilməməsi icra məmuru tərəfindən aliment borcunun tam ödənilməsilə bağlı icra tədbirlərinin dayandırılması kimi qəbul edilə bilməz. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Odur ki, icra məmuru qətnamənin tam icra olunması üçün qanunla müəyyən edilmiş ardıcıl icra tədbirlərini yerinə yetirməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 icraçının hərəkətlərindən şikayəti təmin edilməsin. X1 şikayətinin təmin edilməməsi icra məmuru tərəfindən aliment borcunun tam ödənilməsilə bağlı icra tədbirlərinin dayandırılması kimi qəbul edilə bilməz. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-156/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-156/2022
28.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver