Məhkəmə qərarları › İş №8(011)-158/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-158/2023

28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-158/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin iştirakı ilə X6 tərəfindən “Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin (icraçı Elşən Bəşirli) hərəkətsizliyindən” verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin iş üzrə borclu X7 cəmi 400 manat sabit pul məbləğində tutulması barəsində məhkəmə qətnaməsinin icrasında hərəkətsizliyi qanunsuz hesab edilməsini, borclu X7 alimentin tutulması üçün ümumi gəlirlərinə və yaxud əmlakına yönəldilməsi Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Elşən Bəşirliyə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, alimentin tutularaq hesabına köçürülməsi üçün Kapital Bankda olan bank rekvizitlərini Xətai rayon İcra və probasiya şöbəsinə rəsmi olaraq təqdim etmişdir, lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq Xətai rayon İcra və probasiya şöbəsi (icraçı Elşən Bəşirli) bu günə qədər qətnaməni icra hərəkətləri aparmır, alimenti borclunun əmək haqqına, əmlakına və s. yönəltməmişdir, icra məmurunun bu hərəkətsizliyi qanunsuzdur və övladının hüquqlarının pozulmasına gətirib çıxarır, bu hal icra məmurunun qanunu bilmədikdə və yaxud qəsdən məhkəmə qərarını icra etmək istəmədikdə yaranır, iş üzrə cavabdeh X8 adına torpaq sahəsi və BMW markalı avtomobil vardır. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli izahatında bildirdi ki, icra sənədi icra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qəbul edilmiş, borcluya icra sənədini icra etməsinə dair rəsmi bildiriş göndərilmişdir, borclu Gürcüstan vətəndaşıdır, orada yaşayır, onun yaşayış yerini tapmaq mümkün olmadığından barəsində axtarış da elan olunmuş, bu barədə xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur, ölkə sərhədinə girdikdə sonra onun barəsində tədbir görə bilər, hazırda Azərbaycan Respublikası qanunvericiliyə uyğun olaraq bütün tədbirləri görmüşdür, görməyə də davam edəcəkdir. Sonda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ərizəçi - tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyərək, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3022/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən başlayaraq, Musaev Selnurdan hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, Musaev Selnurdan 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərar qəbul olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3022/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu Musayev Selnura dərhal icranı könüllü olaraq təmin etməsinin təklif edilməsi, icranı könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Şikayətə əlavə edilmiş xx.xx.2022-ci il tarixli e121142/2022-1-40-004 saylı “tələbin könüllü icrası haqqında” Bildirişin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X12 Selnura müraciət edərək, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, əks halda icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqlnda” Azərbaycan Respublikası Qanunun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığıdan, borclu Musaev Selnur barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3022/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən başlayaraq, Musaev Selnurdan hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir, xx.xx.2022-ci il tarixdə icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə tələbin ödənilməsi məqsədilə qərar və “tələbin könüllü icrası haqqında” eyni tarixli Bildirişlə borcluya müraciət olunmuşdur, xx.xx.2023-cü il tarixdə “borclunun axtarışı haqqında” qərar qəbul olunmuş, icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Musaev Selnurun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından, onun barəsində axtarış elan edilmişdir. Məhkəmə, şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icra olunması məqsədilə borcluya bildiriş göndərilmiş, yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir, hazırda da icra işi davam etdirilir, icra məmuru E.Bəşirlinin fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onun tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X3 “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin iş üzrə borclu X7 cəmi 400 manat sabit pul məbləğində tutulması barəsində məhkəmə qətnaməsinin icrasında hərəkətsizliyi qanunsuz hesab edilməsi, borclu X7 alimentin tutulması üçün ümumi gəlirlərinə və yaxud əmlakına yönəldilməsi Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Elşən Bəşirliyə öhdəlik qoyulması” barədə şikayəti rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar