Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-158/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8132/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 doğulmuşdur.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8132/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 125 manat məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1055/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8132/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması hər ay hər uşaq üçün 140 manat məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
3. Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8132/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı mələğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. Tələbkar ərizəsində qeyd etmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8132/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1055/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay 246 manat sabit pul məbləğində aliment borcludan tutulması müəyyən edilmişdir.
b) Borclunun ərizəyə etirazının dəlilləri:
5. Borclu ərizəyə yazılı etirazını məhkəməyə göndərməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. Ərizəç ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Borclu ərizəyə etiraz edərək bildirdi ki, alimentin miqdarı artırıldığı təqdirdə onu ödəməyə maddi imkanı çatmır. O, ikinci dəfə nikaha daxil olub, həmçinin səhhətində də problemlər var.
İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
8. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
9. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
12. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamı:
13. Minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
14. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
15. 8.4-2-ci bəndinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.
18. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
19. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
21. Belə ki, ərizənin məzmunundan da aydın olur ki, tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-8132/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının indeksasiya olunmasını tələb edir. Lakin, ərizəçinin indeksasiya olunmasını tələb etdiyi məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1055/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanılması hər ay hər uşaq üçün 140 manat məbləğində alimentin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir.
22. Göründüyü kimi, ərizəçinin indeksasiya olunmasını tələb etdiyi məhkəmə qətnaməsi dəyişdirildiyindən və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment Bakı şəhər Xətai Rayon Məhkəməsinin deyil, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən edildiyindən ərizə təmin edilməməli və ərizəçiyə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1055/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləğinin indeksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirildikdən) sonra, 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı