Məhkəmə qərarları › İş №8(011)-160/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-160/2025

14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-160/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Borclu iştirakı ilə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Borclu ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşam. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki övladları var. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, onunla Borclu arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində 1708 nömrəli ilə qeydə alınmış nikahları pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 boşanmadan sonra onun yanında saxlanılmaqla ərizəçinin himayəsinə verilmiş, Borclu xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. O, övladlarını təkbaşına böyüdür. Övladlarının saxlanması onun üçün çox çətindir. O, övladları ilə birlikdə maddi sıxıntı içində yaşayır. Lakin hal-hazırda uşaqlar böyüdükcə onların problemləri də böyüyür, cavabdeh isə bir valideyn kimi öz məsuliyyətini dərk etmir. Keçən bu neçə il ərzində yaşayış minumumu dəfələrlə artsa da, cavabdehin yaşayış səviyyəsində kifayət qədər artım baş versə də o, aliment miqdarını artırmamışdır. 2023-cü ildən indiyə qədər yaşayış minumumu haqqında qanun bir neçə dəfə artırılmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. O, yalnız özü üçün yaşayır. Cavabdeh valideynlik borcunu dərk etmir. Borclu məhkəməyə etiraz ünvanlayaraq Tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda icraatda Tələbkar aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəyə baxılır. Bildirmişdir ki, o, hazırda dəniz limanında fəhlə kimi çalışır. Aylıq məvacibi 750 manat təşkil edir. Hal-hazırda "xxxx" ASC-yə kreditə görə borcu var. Hər ay 297 manat kredit ödəyir. Belə olan halda alimentin qaldırılması bir valideyn kimi onu çox-çox sıxır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Qeyd etmişdir ki, tələbkar Şirvan şəhərində Hacıqəhrəmanlı tam orta məktəbində direktor vəzifəsində işləyir. Bunun nəzərə alınaraq, hal-hazırda Təhsil Nazirliyində menecer vəzifəsində çalışdığını bildirmişdir. Borclu qeyd etmişdir ki, uşaqlarını saxlamamaq niyyətində deyil ancaq hazırda maddi gəliri aşağı olduğu üçün alimentin qalxmasını istəmir. Məhkəmə iclasında iştirak edən Borclu etirazını müdafiə edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Tələbkar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2412/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə borcludan sabit pul məbləğində tutulan aliment ölkə üzrə minimum əmək haqqının 0.56 mislini (193/3450.56) təşkil edir. Şərh olunanlara uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli miqdarında aliment Borclu alınaraq, Tələbkar ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci - maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiya olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar