Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-170/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, Borclu, Tələbkar, İcra məmuru Mehdi Zeynalovun iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-4137/2021-012 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 32.274,5 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclunun hal-hazırkı borcu 30.274,5 manat və 20 manat dövlət rüsumu təşkil edir. Məhkəmə iclasında Borclu təqdimata etiraz edərək bildirdi ki, ağır infeksion və parazitar xəstəliklərlə təzahür olunan insan immun çatışmazlığı virusu (İİÇV) xəstəliyi ilə əlaqədar ikinci qrup əlildir, buna görə ona dövlət tərəfindən 817.72 manat pensiya verilir. Ölkə daxilində xəstəliyin müalicəsi mümkün olmadığından hər an ölkə hüdudlarından kənara çıxma ehtimalı var. İcra sənədi üzrə ödənişin hissə-hissə ödənilməsi barədə müraciət etdiyi müddət ərzində 2 ay ödənişləri ödəməmişdir. Lakin icra sənədinin icrasından boyun qaçırmır, hər ay ödənişləri mütəmadi olaraq ödəyir. Bu səbəbdən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatın əsassız olduğunu hesab edir və təqdimatın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Tələbkar təqdimatı müdafiə edərək bildirdi ki, Borclu əlilliyi saxtadır, belə ki, o, işləyir, başqa gəlir yeri var, lakin bunu gizlədir, yalnız pensiya ilə dolanmır. Özü onkoloji xəstə olduğu üçün icra sənədi üzrə ödənişin hissə-hissə ödənilməsinə razı olmamışdır. Hazırda icra sənədində nəzərdə tutulmuş məbləğ borclu tərəfindən tam şəkildə ödənilənədək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edir. Məhkəmə iclasında icra məmuru Mehdi Zeynalov təqdimatı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidov tərəfindən 14 iyun 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(011)- 4137/2021 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 14 iyun 2022-ci il tarixdə qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş Borclu ünvanına göndərilmiş, 08 iyul 2022-ci il tarixdə Borclu bildirişə imza edərək qərar və bildirişi qəbul etdiyini qeyd etmişdir. Daha sonra Xətai rayon İcra şöbəsi tərəfindən Borclu izahatı alınmış, o, izahatında borcunu hissə-hissə ödəməyə imkanı çatdığını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-4137/2021 saylı qərardadı ilə cavabdeh Borclu adına olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 106 saylı mənzilinin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. 18 noyabr 2022-ci ildə Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən Borclu yenidən izahat alınmış, borclu izahatında özünə məxsus bir mənzilin olduğunu, həmin evin onun ailəsi ilə birlikdə yaşadığı yeganə yaşayış yeri olduğunu bildirmişdir. 18 yanvar 2023cü il tarixli aktdan görünür ki, Xətai rayon İcra şöbəsinin əməkdaşları Mehdi Zeynalov və Qoşqar Həmidov Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin 106 saylı mənzilinə baxış keçirmişlər. Lakin mənzildə tələbin yönəldilə biləcəyi qiymətli və yararlı, eyni zamanda mətbəx və ev əşyalarından başqa heç bir əmlak aşkar olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, icra məmuru tərəfindən Borclu məxsus əmlakların olub-olmaması araşdırılmış, borcluya məxsus bir mənzilin olması müəyyən edilmişdir. Lakin borclunun izahatı alındıqdan sonra həmin mənzilin borclunun yeganə yaşayış yeri olması aşkarlanmışdır. Daha sonra icra məmurları tərəfindən həmin mənzilə baxış keçirilmiş, lakin mənzildə tələbin yönəldilə biləcəyi hər hansı qiymətli əmlak müəyyən edilməmişdir. İcra məmuru tərəfindən görülmüş bütün tədbirlər nəticə etibarı ilə səmərə verməmişdir. Beləliklə, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, tələbin yönəldilə biləcəyi borcluya məxsus olan hər hansı əmlakın olmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, borclu xəstə olması səbəbindən xarici ölkələrə getməli olmasını və müalicəsinin orada aparılacağını bildirsə də xəstəliyinin ölkə daxilində müalicəsinin olmaması, eyni zamanda xəstəliyinin yalnız xaricdə müalicəsinin mümkün olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. xx xxxxxx 1982-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-170/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-170/2023
23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver