Məhkəmə qərarları › İş №8(011)-179/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-179/2025

14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-179/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, X2 nümayəndəsi və vəkili Vəkil1, Borclu nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Borclu X6 tərəfindən “icra məmurunun hərəkətsizliyi” barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Borclu X6 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra şöbəsinin məmurunun "icra vərəqinin düzgün icra olunması üçün Borclu 2020-ci ildən hal-hazıradək aylıq əmək haqqının tam məbləğini araşdırararaq aliment miqdarının azalmasını araşdırılması, BP şirkətindən borclunun əmək haqqından 2020-ci ildən hazıradək tutulan Həyatın yaşam sığortası müqavilələri üzrə tutulmaların aparılması barədə hesabatın və sənədlərin tələb olunması, borclunun bəhs olunan həyatın yaşam sığortası müqavilələri üzrə əldə etdiyi sığorta ödənişlərinin 1/3 hissəsinin ondan tutularaq tələbkara ödənilməsinin təmin edilməsi, aylıq ödənilən alimentin BP şirkəti tərəfindən icra qurumuna təqdim etdiyimiz bank kartına köçürülməsini təmin edərək icra vərəqinin düzgün icra olunmasının həyata keçirilməsi" barədə xahişimə cavab verməməsi barədə hərəkətsizliyi qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi-vəkili Vəkil1 şikayəti müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-223/2023 saylı qətnaməsi ilə Borclu qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi X3 xeyrinə aliment məbləği kimi tutulmalıdır. Bununla bağlı icra sənədi aidiyyatı üzrə borclunun iş yerinə - BP şirkətinə göndərilmiş və həmin icra sənədi 2022-ci ilin dekabr ayından icra olunmağa başlayaraq hər ay qeyri müəyyən məbləğlər X3 bank hesabına köçürülmüşdür. Lakin, 2023-cü ilin iyul ayından həmin aliment məbləğində ciddi şəkildə azalma olmuşdur.Bununla bağlı tərəfimizdən BP şirkətinə sorğu ilə müraciət olunaraq Borclu- "Həyatın Yaşam Sığortası" ilə bağlı əmək haqqından tutulma olubolmaması barədə, belə bir tutulma olduğu halda onun ilkin tarixi barədə;- alimentin müəyyən olunduğu tarixdə - 2022-ci ilin sentyabr ayında belə bir tutulmanın (Həyat Yaşam Sığortası) olub-olmaması barədə;-belə bir tutulma istər əvvəldən və istərsə də yeni mövcud olduğu halda Əmək haqqına münasibətdə faizi (məbləği) barədə;- belə bir hallar yoxdursa, əmək haqqının azalmasının səbəbi barədə ətraflı arayış verilməsi xahiş olunmuşdur. Lakin, şirkət məktubumuza dəqiq cavab verməmişdir. Daha sonra Xətai İcra şöbəsinin icra məmuru Vidadi Mahmudova müraciət olunaraq qeyd olunanlarla əlaqədar sözügedən icra vərəqinin düzgün icra olunması üçün Borclu 2020-ci ildən hal-hazıradək aylıq əmək haqqının tam məbləği, eyni zamanda "Həyatın Yaşam sığortası" proqramında iştirak edib-etməməsi, iştirak edirsə bu barədə ətraflı araşdırma aparmağınızı və icra vərəqinin düzgün icra olunmasını həyata keçirməsi xahiş olunmuşdur, Eyni zamanda bir başqa məktubla müraciət olunaraq mənim bank kartımın rekvizitləri təqdim olunmuş və aliment məbləğinin BP şirkəti tərəfindən həmin karta köçürülməsi istənilmişdir. Lakin, dəfələrlə müraciət olunmasına baxmayaraq hər ay üçün aliment məbləğinin karta köçürülməsi təmin olunmamış və bu səbəbdən də alimentin alınmasında müəyyən sıxıntılar yaşayıram.Lakin, icra məmuru tərəfindən bu müraciətimizə heç bir cavab verilməmişdir. Bundan sonra tərəfimizdən "Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-223/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin cavabdeh tərəfindən yaşam sığortasına aparılan sığorta ödəmələri nəzərə alınmadan tam məbləğdən tutulması və alimentin həyatın yaşam sığortası müqaviləsinin müddətinin sonuna ödənilən sığorta məbləğindən tutulması" tələbi ilə Xətai rayon Məhkəməsində Borclu qarşı iddia qaldırılmış və Xətai Rayon Məhkəməsində həmin mülki iş üzrə aparılan araşdırma zamanı sorğular nəticəsində müəyyən hallar ortaya çıxmışdır. Belə ki, məlum olmuşdur ki, Borclu aliment tutulan dövrdə sığorta ödənişi əldə etmişdir. Eyni zamanda məlum olmuşdur ki, hazırda da qüvvədə olan həyatın yaşam sığortası müqavilələri mövcuddur. Xətai rayon Məhkəməsinin e-2(011)-1404/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin iddia tələbimiz təmin olunmamış və tərəfimizdən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5962/2024 saylı qətnaməsi ilə Apellyasiya şikayətimiz qismən təmin olunaraq qətnamə ləğv olunmuş, iddia tələbi təmin olunmamışdır. Apellyasiya Məhkəməsi iddianı təmin etməməklə bağlı mövqeyini öz qətnaməsinin 11-ci bəndində bu cür əsaslandırmışdır."İcra haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Qanunvericilikdə nəzərdə tutulub ki, aliment tutulması barədə məhkəmə qərarlarının tələbi borclunun işlədiyi təşkilatın müdiriyyati tarafindan hayata keçirilə bilər. Belə ki, Aila Məcəlləsinin 102-ci maddəsindən görünür ki, şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Odur ki, alimentin tutulmasının düzgünlüyünə görə icra məmuru və borclunun işlədiyi təşkilatın müdiriyyəti məsuliyyət daşıyır. Əgər bu şəxslər alimentin tutulma qaydasını pozublarsa, icra sənədi üzrə tələbkar müvafiq şəxsin hərəkəti (hərəkətsizliyi) barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilər." Məhkəmənin bu mövqeyindən sonra icra məmuru Vidadi Mahmudova müraciət edərək bildirmişik ki, "məhkəmə araşdırması nəticəsində əldə etdiyimiz və əlavədə təqdim etdiyimiz sübutlardan görünür ki, Borclu Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-223/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin tutulmalı olduğu dövrdə onun 3 sığorta müqaviləsiüzrə sığorta məbləği əldə etmiş və həmin məbləğlərdən də aliment tutulmamışdır. Həmin müqavilələr Paşa Həyat sığorta ilə bağlanan xx.xx.2019-cu il tarixli, HYS- 00969/19 saylı sığorta müqaviləsi, xx.xx.2020-ci il tarixli, HYS-01325/20 saylı sığorta müqaviləsi, xx.xx.2021-ci il tarixli, HYS- 05442/21 saylı sığorta müqaviləsi olmuşdur. Hər bir müqavilə 3 il davam etmiş və sonunda borclu hər bir müqavilə üzrə sığorta ödənişi əldə etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında nigah pozulmuş, uşaqlar ananın yanında saxlanılmaqla, onların saxlanılması üçün hər ay cavabdehin (borclunun) qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment müəyyən olunmuşdur. Borclu həyat yaşam sığortası proqramında iştirak etdiyi halda əmək haqqından (gəlirlərindən) bu sahəyə köçürüləcək məbləğdən 113 hissə aliment hesablanmalı və cavabdehin yaşam sığortasından kənarda qalan əmək haqqından tutulmalıdır. Eyni zamanda bu cür sığorta müqaviləsinin müddətinin sonunda borclunun bu müqavilə üzrə əldə edəcəyi gəlirdən -sığorta ödənişindən 1/3 hissə aliment tutulmalıdır. Yuxarıda qeyd etdiyimiz və bu barədə qətnamədən də göründüyü kimi, aliment cavabdehin qazancına və başqa gəlirlərinə yönəldilmişdir.Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.Həyatın yaşam sığortası üzrə isə işçi hansı həcmdə (faizdə) həyatın yığım sığortası üzrə sığortalanıbsa, işlədiyi müəssisə tərəfindən tam əmək haqqının həmin hissəsi (vergi tutulmadan) sığorta şirkətinə ödənilir, qalan hissəsindən məcburi dövlət sosial sığorta haqqı (MDSSH) və işsizlikdən sığorta haqqı (İSH) çıxıldıqdan sonra qalan məbləğ isə işçinin əmək haqqı hesabına köçürülür. Aliment də məhz qeyd etdiyimiz qərara əsasən bu ikinci hissədən tutulur. Buradan mübahisəsiz görünür ki, həmin qətnamənin məcburi icrasını həyata keçirən icra məmuru borclunun əlavədə təqdim etdiyimiz sığorta müqavilələri üzrə əldə etdiyi sığorta ödənişlərinin 1/3 hissəsinin tutularaq tələbkara ödənilməsini təmin etməlidir. Çünki, sığorta ödənişi borclunun gəliridir, qazancıdır və alimentin tutulması barədə sözügedən qətnaməyə əsasən də aliment məhz bu məbləğlərdən tutulmalıdır. Eyni zamanda icraçı sığorta borclunun əmək haqqını araşdırararaq ondan bütün tutulmalar, o cümlədən yaşam sığortası üzrə tutlmaların necǝ aparıldığına, qanunvericiliyin tələbinə əsasən necə aparılmalı olmasına diqqətlə yanaşaraq alimentin azalması barədə müraciətimizə də cavab verməli idi.Qeyd olunanlar icra məmurunun diqqətinə çatdırıldıqdan sonra, bunları nəzərə alaraq sözügedən icra vərəqinin düzgün icra olunması üçün Borclu 2020-ci ildən hal-hazıradək aylıq əmək haqqının tam məbləğini araşdırararaq aliment miqdarının azalmasını araşdırılması, BP şirkətindən borclunun əmək haqqından 2020-ci ildən hazıradək tutulan Həyatın yaşam sığortası müqavilələri üzrə tutulmaların aparılması barədə hesabatın və sənədlərin tələb olunması, borclunun bəhs olunan həyatın yaşam sığortası müqavilələri üzrə əldə etdiyi sığorta ödənişlərinin 1/3 hissəsinin ondan tutularaq tələbkara ödənilməsinin təmin edilməsi, aylıq ödənilən alimentin BP şirkəti tərəfindən icra qurumuna təqdim etdiyimiz bank kartına köçürülməsini təmin edərək icra vərəqinin düzgün icra olunmasının həyata keçirilməsi xahiş olunmuşdur. Məhkəm iclasında iştirak edən borclunun nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, qanunvericiliyə uyğun olaraq, borclunun əmək haqqından əvvəlcə aliment və vergi, sonra həyatın yaşam sığortası ödənişləri tutulur, yəni sığorta ödənişləri tutulması uşaqlar üçün tutulan alimentin məbləğinə hər hansı təsir etmir, BP tərəfindən verilmiş məktubdan da görünür ki, aliment yaşam sığortası ödənişindən əvvəl tutulur, icra məmuru bununla bağlı hər hansı yoxlamanı həyata keçirsə də, aliment ödənişi ilə bağlı pozuntunun olmadığı müəyyən ediləcək, lakin borclunun alimentdən əvvəlki gəlirlərinin araşdırılması qanunsuzdur, həmin vaxt tərəflər arasında ailə münasibətləri mövcud olub və bütün gəlirlər ailə ehtiyyacı üçün istifadə edilib, ancaq aliment dövrü araşdırıla bilər, lakin yaşam sığortası üzrə ödənişlərdən alimnet tutulması mümkün deyil, bu hissədə icra məmuru hər hansı hərəkət edə bilməz, etdiyi təqdirdə isə qanunsuzluğa yol verilmiş olar. Sonda Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəm iclasında iştirak edən icra məmuru Kəbirə Məmmədli izahatında bildirmişdir ki, icra işi əvvəl icra məmuru Vidadi Mahmudovun icraatında olub, onun icraatına təzə verilib, əvvəlki icra məmuru tərəfindən hansı tədbirlərin görüldüyünü dəqiq bilmir, tələbkarın müraciəti icra işi onda olmamışdan əvvəl daxil olub, icra işi onun icraataına verildikdən sonra hər hansı ərizə daxil olmayıb, hansı miqdarda aliment tutulmasına dair borclunun iş yerinə sorğu ilə müraciət ediləcək, əgər məhkəmə qətnaməsi ilə tutulmalı olan məbləğ tutulmursa, bununla bağlı tədbirlər görüləcək. Məhkəmə, şikayəti və ona əlavə olunan sənədləri, habelə icra sənədlərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 1404/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5962/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı X3 cavabdeh Borclu oğuna qarşı “alimentin həyatın yaşam sığortası üçün ödənilən sığorta haqqı nəzərə alınmadan tutulması və alimentin həyatın yaşam sığortası müddətinin sonuna ödənilən sığorta ödənişindən tutulması barədə” iddiası təmin edilməmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, Tərəflər xx.xx.2010cu il tarixdə nikaha daxil olmuş, onların nikahı Bakı Nikah evində 733 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X10 doğulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mühəndis vəzifəsində işləyir, onun əmək haqqı 6766,67 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə cavabdeh, “BP” və "xxxx" ASC arasında HYS-05442/21, HYS-02492/22 və HYS-03551/23 nömrəli həyatın yaşam sığortası müqavilələri imzalanmışdır. Sığorta haqqı cavabdehin əmək haqqından tutulmalar da nəzərə alınmaqla, ümumilikdə hər ay hər üç müqavilə üzrə 61 ABŞ dolları olmaqla ödənilmişdir. Sığorta müqaviləsi üzrə 1-ci sığorta riski istənilən səbəbdən ölüm, 2-ci sığorta riski müqavilənin sonuna qədər yaşama, birinci sığortalı “BP”, ikinci sığortalı cavabdeh, faydalanan şəxslər – cavabdeh vəfat etdikdə iddiaçı, müqavilənin sonuna qədər yaşadıqda isə cavabdeh özü müəyyən edilmişdir. “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, aliment sığorta müqavilələri üzrə sığorta haqları çıxılmazdan əvvəl tutulur. 2022-ci ilin sentyabr ayından 2022-ci ilin dekabr ayına qədər yığılmış aliment borcunun hesablanmasında da bu qayda nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5962/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Qanunvericilikdə nəzərdə tutulub ki, aliment tutulması barədə məhkəmə qərarlarının tələbi borclunun işlədiyi təşkilatın müdiriyyəti tərəfindən həyata keçirilə bilər. Belə ki, Ailə Məcəlləsinin 102-ci maddəsindən görünür ki, şəxsin işlədiyi təşkilatın müdiriyyəti icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. Odur ki, alimentin tutulmasının düzgünlüyünə görə icra məmuru və borclunun işlədiyi təşkilatın müdiriyyəti məsuliyyət daşıyır. Əgər bu şəxslər alimentin tutulma qaydasını pozublarsa, icra sənədi üzrə tələbkar müvafiq şəxsin hərəkəti (hərəkətsizliyi) barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, borclunun işlədiyi təşkilatın müdiriyyəti məcburi icra orqanı sayılmır (“İcra haqqında” Qanun, maddə 4.3). Bundan fərqli olaraq icra məmuru məcburi icra orqanı sayılır (“İcra haqqında” Qanun, maddə 2.1). Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Qanun, maddə 3.1). Yəni aliment tutulması barədə məhkəmə qərarının icrası, o cümlədən düzgün icrası ilə əlaqədar icra məmurunun tələbi borclunun işlədiyi təşkilatın müdiriyyəti üçün məcburidir. Məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən şəxslər qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar (“İcra haqqında” Qanun, maddə 3.2). İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 16(011)-148/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə qətnamə çıxarılanadək, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu aylıq qazancın (başga gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq, X5 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Borclu ilə X8 arasında 17 aprel 2010cu il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) 733 nömrə ilə qeydə alınmış nikah pozulması, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2014-cü il təvəllüdlü X10 boşanmadan sonra anaları X4 yanında qalmaları, Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 miqdarında aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, sonradan cavabdehlə aralarındakı nikah pozulanadək cavabdehdən öz xeyrinə müvəqqəti olaraq hər ay alimentin tutulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehdən iddiaçının xeyrinə iş üzrə qətnamə çıxarılanadək müvəqqəti olaraq hər ay bütün qazancının 1/3 hissə məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, məhkəmə tərəfindən uşaqların saxlanılması ilə ağlı aliment ilk olaraq xx.xx.2022-ci il tarixdən hesablanmağa başlamışdır, borclu “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mühəndis vəzifəsində işləyir, onun əmək haqqı 6766,67 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə cavabdeh, “BP” və "xxxx" ASC arasında HYS-05442/21, HYS- 02492/22 və HYS-03551/23 nömrəli həyatın yaşam sığortası müqavilələri imzalanmışdır. Tələbkar həmin müqavilələr üzrə borcluya ödənilmiş məbləğdən aliment tutulmasını tələb edir, bununla bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə aliment məbləğinin borclunun gəlirlərindən tutulmasının icra məmuru tərəfindən həyata keçirildiyi göstərilmiş, bununla bağlı icra məmuruna müraciət edilsə də, icra məmuru tərəfindən qanunamüvafiq tədbirlər həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən məhkəmə qətnaməsi əsasında tutulmalı olan aliment məbləğinin müəyyən edilməsi üzrə qanunla müəyyən edilmiş tədbirlər həyata keçirilmədiyindən tələbkar icra məmurunun hərəkətsizliyindən şikayət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qanunauyğun şəkildə icra olunması üçün Borclu xx.xx.2022-ci ildən (alimnet tutulduğu tarixdən) hal-hazıradək aylıq əmək haqqı və digər gəlirlərinin müəyyən edilməsi, alimentin qanunla nəzərdə tutulmuş məbləğdən aparılmasının araşdırılmasına, həmçinin alimentin miqdarının onu ödəyən şəxsə çatası qazancdan (gəlirdən) vergilər tutulduqdan sonra qalan məbləğ hesabına təmin olunmasına yönəlmiş tədbirlər görülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 23 may 2001-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair digər mövqeyinə görə, şikayət yalnız yekun məhkəmə qərarının uzun müddət icra edilməməsinə aid olsa belə, Məhkəmə həmin məhkəmə qərarının çıxarılması ilə nəticələnmiş «məhkəmə araşdırmasına» 6-cı maddənin 1-ci bəndinin tətbiqinin mümkünlüyü məsələsini araşdırmalıdır, çünki məhkəmədən sonra qərarın icra prosesi «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır (Kanayev Rusiyaya qarşı, ərizə № 43726/02, § 19, 27 iyul 2006-cı il). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236, 263, 264, 266-268-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qanunauyğun şəkildə icra olunması üçün Borclu xx.xx.2022-ci il tarixdən hal-hazıradək aylıq əmək haqqı və digər gəlirlərinin müəyyən edilməsinə, alimentin qanunla nəzərdə tutulmuş məbləğdən aparılmasının araşdırılmasına, həmçinin alimentin miqdarının onu ödəyən şəxsə çatası qazancdan (gəlirdən) vergilər tutulduqdan sonra qalan məbləğ hesabına təmin olunmasına yönəlmiş tədbirlər görülsün. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar