Məhkəmə qərarları › İş №8(011)-199/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-199/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-199/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(011)- 7871/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(011)- 7871/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 22 dekabr 2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 597.70 (beş yüz doxsan yeddi manat yetmiş qəpik) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 603.70 (altı yüz üç manat yetmiş qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh X3 alınaraq iddiaçı Tələbkar MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. X2 hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(011)-7871/2023 saylı qətnaməsinin hissə-hissə ayda 40 manat ödənilməklə icra olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(011)-7871/2023 saylı icra sənədində göstərilən tələbi ödəməyə maddi imkanı çatmır. Onun 3 övladı var və kirayədə yaşayır. Mövcud vəziyyətdə ödəyə biləcəyi məbləğ 40 manatdır. Tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə borclunun izahatını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, borclu P.Muradova "xxxx" MMC-də ictimai işlər üzrə sosial işçi işləyir və əmək haqqı 345 manat təşkil edir və borclunun himayəsində 11 mart 2007-ci il, 24 aprel 2008-ci il və 09 aprel 2010-cu il təvəllüdlü övladları var. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra edilməsinin mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı X1 qətnamə ilə müəyyən edilmiş məbləği ödəmək iqtidarında olmadığı müəyyən edilmişdir. Belə ki, onun himayəsində üç azyaşlı (11 mart 2007-ci il, 24 aprel 2008-ci il və 09 aprel 2010-cu il təvəllüdlü) övladının olması, əmək haqqısının məbləği və digər hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, ərizə təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(011)- 7871/2023 saylı qətnaməsinə əsasən X2ndan Tələbkar MMC-yə ödənilməli olan 633.70 manat məbləğində pul vəsaiti X2 tərəfindən hər ay 40 manat olmaqla hissə-hissə icra edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(011)- 7871/2023 saylı qətnaməsinə əsasən X2ndan Tələbkar MMC-yə ödənilməli olan 633.70 manat məbləğində pul vəsaiti X2 tərəfindən hər ay 40 (qırx) manat olmaqla hissə-hissə icra edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar