Məhkəmə qərarları › İş №8(011)-20/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-20/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-20/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Məmmədvəlili Nərmin Telman qızının katibliyi Tələbkar iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədovun icraatın dayandırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin təqdimatda qeyd edilən halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3368/2022 tarixli icra vərəqəsinə əsasən Borclu 1416.34 manat borc və 34 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

2. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, Borclu icra sənədində olan tələbi könüllü təmin etməmişdir.

3. Nəticədə Borclu barəsində xx.xx.2022-ci il tarixdə axtarış haqqında qərar qəbul edilərək Xətai rayon Polis Şöbəsinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu barəsində axtarış içi açılmışdır.

4. Elektron icra sistemi vasitəsi ilə borclunun sərhədkeçmə məlumatları yoxlanılmış, nəticədə borclunun ölkə hüdudlarından kənarda olduğu məlum olmuş və xx.xx.2023-cü il tarixdə beynəlxalq axtarış işinin açılması üçün Xətai rayon Polis Şöbəsinə müraciət olunmuşdur və borclu barəsində beynəlxalq axtarış içi açılmışdır.

5. Göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5ci maddəsini rəhbər tutaraq borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər.

6. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3368/2022 tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir.

Tərəflərin izahatı:

7. Məhkəmə iclasında iştirak edən Tələbkar öz izahatında qeyd etmişdir ki, borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən aşkar şəkildə yayınır. İcraatın dayandırılması ilə bağlı verilmiş təqdimatla razı deyil, məhkəmədən təqdimatın rədd edilməsini və borcun icra edilməsi üçün icra hərəkətlərinin davam etdirilməsini xahiş edir.

8. Borcluya və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikasının Konstitusiyası:

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 15.2. məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır.

11. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; 19.1.Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: 19.1.2. borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək; 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4. İcraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.8. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir.

İşə baxan məhkəmənin mövqeyi:

12. Məhkəmə tələbkarın izahatını dinləyib təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassızdır və rədd edilməlidir.

13. Belə ki, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icraat dayandırıla bilər. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir.

14. Təqdimata əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3368/2022 tarixli qətnaməsi qanunvericiliyə müvafiq qaydada icraya yönəldilmiş və icra hərəkətləri həyata keçirilmişdir. Lakin borclu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən aşkar şəkildə yayınmışdır.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40).

16. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. Təqdimata əlavə edilmiş izahata əsasən, Borclu xx.xx.2022-ci il tarixdə icra işi və onun materialları ilə tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir.

17. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Borclu xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarından kənara çıxmışdır. Lakin iş materiallarına borclu ilə bağlı digər tədbirlərin görülməsi, axtarışı və sairə ilə bağlı hər hansı sübut əlavə edilməmiş, icra materiallarında da həmin sənədlərə rast gəlinməmişdir.

18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, icraatının dayandırılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi ilə nəticələnəcəkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mümkünsüzlüyü üçün əsas olmadığından təqdimat rədd edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Təqdimat rədd edilsin.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar