Məhkəmə qərarları › İş №8(011)-200/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-200/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-200/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə X1 Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 şikayətin təsvirində göstərilən hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-7591 /2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borcludan tələbkar "xxxx" MMC olmaqla 1000.5 manat məbləğində pul vəsaitinin tələbkarın xeyirinə tutulmasına dair 26 yanvar 2024-cü il tarixli icraata başlamaq haqqında Xətai rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən qərar qəbul edilmişdir. Sözügedən icra sənədi ilə bağlı ailə vəziyyətiylə əlaqədar olaraq məhkəmə tərəfindən barəsində qəbul edilmiş qətnaməni almamışdır. Bununla belə həmin qətnaməyə dair icra icraatı qaydasında adı çəkilən icra məmuru tərəfindən icraata başlamaq haqqında 26 yanvar 2024-cü il tarixli qərara da etiraz etmir. Həmin qərarla borcunu qəbul edir və qərəzli olaraq qərarda göstərilmiş borcun ödənilməsindən yayınmaq kimi bir niyyəti yoxdur. Lakin icra məmurunun icraatla bağlı bir sıra hərəkətlərini qanunsuz hesab edir. Belə ki, sözügedən icra sənədi ilə bağlı qərar 26 yanvar 2024-cü il tarixdə qəbul edilmiş olduğu və tələbin könüllü icrası haqqında bildiriş 02 fevral 2024-cü il tarixdə borcluya poçt vasitəsilə daxil olduğu halda icra məmuru X11 tərəfindən 29 yanvar 2024-cü il tarixdə barəsində məcburi gətirilmə haqqında qərar qəbul edildiyi haqqında istifadəsində olan mobil əlaqə nömrəsinə “sms bildiriş” daxil olmuşdur. Sms bildirişin məzmununda həmçinin o göstərilmişdir ki, guya o icra məmurunun çağırışı ilə gəlməkdən yayınmış və məhz buna görə də barəsində qeyd olunan məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Halbuki, qəbul edilmiş icraata başlamaq haqqında qərarın tarixindən və həmin qərarın tələbin könüllü icrası haqqında bildirişlə borclu tərəf kimi tərəfindən alınması tarixindən də görünür ki, icra məmurun çağırışından yayınmaq kimi hərəkətsizlik yaşana bilməzdi. Bu da onu göstərir ki, icra məmurunun “sms bildirişdə” göstərmiş olduğu onun çağırışından yayınmaq iddiası fakt nöqteyi-nəzərindən həqiqətə uyğun deyil. Belə olan halda barəsində məcburi gətirilmə haqqında qərarın qəbul edilməsi, ümumiyyətlə bu qərarın belə borcluya rəsmi qaydada təqdim olunmaması qanuni və əsaslı hərəkət sayıla bilməz. İcra məmuru tərəfindən sms bildirişin istifadəsində olan mobil əlaqə nömrəsinə göndərilməsi faktı ilə bağlı qardaşı (qanuni nümayəndəsi) X12 icra məmuru Samirə Məşədiyeva ilə telefon əlaqəsi yaratmış; göndərilmiş “sms bildirişin ” qanunsuz və yayınmaq kimi bir niyyəti də olmadığını adı çəkilən icra məmurunıın diqqətinə çatdırmasa da, icra məmuru qeyd olunanlarla razılaşmamış, öz qanunsuz hərəkətinə haqq qazandırmış və nəticədə onun inzibati qaydada həbs belə oluna biləcəyi hədə-qorxusunu qardaşının diqqətinə çatdıraraq telefonu əlaqəsinə qeyri-etik formada yekun vurmuşdur. Borclunun himayəsində 10 aylıq körpəsi var. Gənc anadır. Həyat yoldaşıyla boşanmaq ərəfəsində olduğu üçün qardaşının himayəsindədir. Bütün bunlara baxmayaraq, yuxarıda da qeyd etdiyi kimi tələbin icrasından qərəzli olaraq yayınmaq kimi bir niyyəti də yoxdur. Bakı şəhəri Xətai Rayon İcra şöbəsi, borclu və tələbkar şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin və tələbkarın nümayəndələrinin, borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə olunan sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7591/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X6 1000.5 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində “İcraata başlamaq haqqında Qərar” qəbul edilmiş, tələbin könüllü icrası üçün bildiriş X3na göndərilmişdir. Borclu bildirişi xx.xx.2024-cü il tarixdə almışdır. Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən borcluya məxsus mobil nömrəyə xx.xx.2024-cü il tarixdə “X2 sizin barənizdə olan E18237/2024-1-43 saylı icra işi üzrə İcra Haqqında qanunun 84-cü maddəsinin tələblərinə əsasən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə icra məmurunun çağırışı ilə gəlməkdən yayındığınız üçün barənizdə məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. On gün müddətində şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə icra qurumuna gəlmədiyiniz təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəkdir” məzmunlu “SMS bildiriş” göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halında tətbiqi edilir. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7591/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan icra məmuru tərəfindən icraata qəbul edilmiş, tələbin könüllü icrası üçün borcluya bildiriş göndərilmişdir.Borclunun icra vərəqəsi barədə məlumatlandırılması məqsədilə “SMS bildiriş”göndərilmişdir. “SMS bildiriş”in məzmununda borclu barəsində məcburi gətirilmə haqqında qərarın qəbul edildiyi qeyd edilsə də, icra işi materiallarından göründüyü kimi, borclu barəsində məcburi gətirilmə haqqında hər hansı qərar qəbul edilməmiş və bu istiqamətdə tədbirlər görülməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Samirə Məşədiyevanın hərəkətlərində hər hansı əsassız və qanunsuz hal müəyyən edilmədiyindən onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 şikayətin təsvirində göstərilən hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar