Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-203/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X2, Borclu iştirakları ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-5250/2022-016 nömrəli icra sənədinə əsasən xx.xx.1979-cu il tarixində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 9919,78 manat məbləğində pul vəsaiti və 119,20 manat dövlət rüsumu tutlaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.
3. İcra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.
4. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətləri bildirişlə icra sənədləri üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət əzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Elektron icra sistemindən sorğular edilmiş və borclunun adına daşınar, daşınmaz əmlak aşkar edilməmişdir.
5. Tələbkar ASC xx.xx.2023-cü il tarixdə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən Tələbkar ASC-nin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, borcun tutulması ilə bağlı qətnamə qəbul edilmişdir, lakin bu günə kimi tam icra edilməmişdir. Danışıqlar aparılmış borclu borcunu ödəyəcəyinə dair söz vermiş, müəyyən ödənişlər etmiş, lakin son ödəniş dekabr ayında olmuş ondan sora olmamışdır. Borclu 4750 manat ödəniş etmişdir. Borclunun hal-hazırda banka borcu 5129 manat təşkil edir. Borclunun banka ipoteka borcu da olduğu üçün borcu onun maaşına yönəldilməsi ilə bağlı icraya müraciət etməmişdirlər. Borclu özü hissə-hissə borcu ödəyirdi, lakin son dövrlərdə heç bir ödəniş edilməmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Borclu öz izahatında banka borcu olduğunu etiraf etmişdir. Borcun ödənilməsi ilə bağlı söz vermişdir, lakin müəyyən səbəblərdən vaxtında ödəyə bilməmişdir. Borc haqsız yerə yaranmış, hazırda onun özünün də alacaqları var. Borcu ən qısa zamanda bağlayacağını bildirmişdir. Tələbi maaşına yönləndirə bilərlər. Onun işi xarici səfərlərə getməklə əlaqədardır, təqdimat təmin edilərsə gəlirindən məhrum olacaq, ümumiyyətlə borcu ödəyə bilməyəcək.
8. Təqdimat vermiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Konstitusiyası:
129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
129. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
10. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
11. İcra Haqqında Azərbaycan Respublikası Qanunu: 84-1.1. məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2013 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. 2.3. Aşağıdakı hallar mövcud olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir: 2.3.1. icra sənədi üzrə icraatın dayandırılması və ya onun icrasına möhlət verilməsi barədə məhkəmə qərarı olduqda; 2.3.2. icraatın təxirə salınması haqqında icra məmuru qərar qəbul etdikdə; 2.3.3. tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsul və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət etdikdə; 2.3.4. icra sənədində nəzərdə tutulan tələbin aydın olmaması ilə əlaqədar icra məmuru həmin sənədə izah verilməsi üçün məhkəməyə müraciət etdikdə; 2.3.5. Tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda. 2.4. Təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur
İşə baxan məhkəmənin mövqeyi:
13. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir.
14. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Borclunun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması məcburi icra tədbirlərinin növlərindən biri hesab edilir və ən son icra hərəkəti kimi xarakterizə olunur.
15. Məhkəmə araşdırmsı zamanı məlum olmuşdur ki, icra məmuru borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılması, onun digər əmlakının olubolmaması ilə bağlı hər hansı sorğu verməmiş, bu sorğuların verilməsi, sorğulara cavablarla bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, icra hərəkətləri qanunvericiliyin tələbinə uyğun ardıcıl şəkildə həyata keçirilməlidir.
16. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışa əsasən, Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışır və onun aylıq əməkhaqqısı 555.43 manat məbləğindədir. Lakin borclunun əmək haqqına tutmanın yönəldilməsi ilə bağlı hər hansı icra hərəkəti edilməmişdir.
17. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, borclunun tələbkara borcu təqdimatda qeyd edildiyi kimi 9919.78 qəpik borc və 119.20 qəpik dövlər rüsum həcmində deyil, 5129 manat həcmindədir. Borclu pulu ödəməkdən boyun qaçırmır. Məhkəmə hesab edir ki, şəxsin hərəkət azadlığına gətirilən məhdudiyyət, ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri şəxsin öhdəliyinə mütənasib olmalıdır.
18. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, tədimat təmin edilməməlidir.
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Təqdimat rədd edilsin.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdə elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova