Məhkəmə qərarları › İş №8(011)-203/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-203/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-203/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Tələbkar iştirakı ilə Tələbkar alimentin indeksasiya edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını indeksasiya edərək Borclu xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulmalı olan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı həddində ideksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Borclu ilə xx.xx.2019-cu il tarixində rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il tarixində X2 doğulmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 8150/2019 saylı qətnaməsi aralarında bağlanmış nikah pozulmuş və xx.xx.2019-cu il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. Eyni zamanda bu uşağın saxlanması üçün cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tələbkar məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8150/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ilə Borclu arasında 2 saylı Bakı «Asan» xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 900 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası Tələbkar yanında saxlanılması, xx.xx.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 200 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməsi, iddiaçı Tələbkar ödədiyi 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilərık, əlavə olara dövlət rüsumunun kəsrini təşkil edən 10 manat cavabdeh Borclu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8150/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2019-cu il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə aparılmalıdır. İş materialları əsasında müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8150/2019 saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu il sentyabrın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8150/2019 saylı qətnaməsi ilə tutulmuş alimentin indeksasiyası 200 manat (qətnamə ilə tutulan alimentin məbləği) : 250 manat (2019-cu il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,8 misli həddində müəyyən edilir. Göründüyü kimi, 200 manat 250 manatın 0,8 mislinə bərabərdir. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)- 8150/2019 saylı qətnaməsi ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,8 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8150/2019 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sabit pul məbləğində tutulmuş 200 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,8 misli həddində indeksasiya edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar