Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-230/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, X1, Borclu X3 nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs icra məmuru Nüşabə Kərimzadənin iştirakları ilə, X1 “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı 02 may 2019-cu il tarixli qətnaməsinin onun və oğlu üçün təhlükəsiz şəraitdə icra edilə bilməsi məqsədilə uşağı borcludan təhvil alıb təhvil vermə prosesinin icra edilmə yerinin icra məmuru tərəfindən müəyyən edilməsi üçün müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar - ərizəçi Emin Abbasov ərizəni müdafiə edərək izahatında bildirdi ki, Abbasova (Hacıyeva) Leyla Dantes qızı ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2017-ci il tarixində birgə nikahdan övladları Abbasov Ayaz dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2754/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahın pozulması və azyaşlı övladladının Abbasova Leylanın himayəsində saxlanılması qət edilmişdir. Övladının ona olan bağlılığına baxmayaraq, uşağın azyaşlı olmasını nəzərə alaraq və ən əsası uşağın mənafeyindən çıxış edərək oğlunun anası ilə birgə yaşamasına etiraz etməmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)- 4660/2019 saylı 02 may 2019-cu il tarixli qətnaməsi ilə uşağın onunla ünsiyyət saxlamaq hüququnun təmin edilməsi qaydası müəyyən edilmişdir. Qətnaməyə əsasən, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:30-a qədər, hər həftənin şənbə günü isə saat 16:00-dan 20:00-a qədər oğlu Abbasov Ayaz onunla saxlanılmalıdır. Sözügedən qətnamənin icrası oktyabr 2023-cü il tarixinə qədər Xətai Rayon İcra Şöbəsinin icraatında olmuş, hazırda isə Nizami Rayon İcra Şöbəsinin icraatındadır. Abbasova Leyla onun valideyn olaraq uşağın təlim-tərbiyəsində iştirakını məhdudlaşdırdığından o, uşaqla ünsiyyət saatlarını onun inkişafı, təlim-tərbiyəsi, idman və rəsm məşğələlərinə sərf edir. Uşaq ona sıx bağlıdır, özünü onunla bir ailənin üzvü olaraq identikləşdirir. Tərəfindən uşağın alimenti məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdən artıq şəkildə ödənilir, alimentdən əlavə uşağın digər xərcləri, məsələn, məşğələlərin ödənişi, dərman xərcləri, geyim, teatr və əyləncə, eləcə də oğlunun istəklərinə uyğun olaraq digər xərclər də onun tərəfindən qarşılanır Abbasova Leyla uşaqla ünsiyyətinə mane olmadığını bildirsə də, real faktlar borclunun uşaqla ünsiyyətinə, ona göstərdiyi atalıq qayğısına hər şəkildə süni maneə törətdiyini sübut edir. Borclu uşaqla görüş günlərini məhdudlaşdırmaq üçün Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, lakin Xətai rayon məhkəməsi tərəfindən qət edilən 2(011)-1278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə ilə Abbasova Leylanın iddiası əsassız hesab edilərək təmin edilməmişdir. Daha sonra Abbasova Leyla həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Abbasova Leylanın apellyasiya şikayətini təmin etməmişdir. Uşaqla ünsiyyətini məhkəmə vasitəsilə məhdudlaşdıra bilməyən Abbasova Leyla bu istəyini başqa vasitələrlə həyata keçirməyə çalışır. Borclu tərəf ona qarşı yalan ifadə verərək, şər və böhtan ataraq, uşağı təhvil aldığı zaman onu təxribata çəkməyə çalışaraq uşaqla görüşdən imtina etdirməyə çalışır. Belə ki, borclu, uşağın görüş günündə (xx.xx.2023-cü il tarixində) yaşadığı ünvanda ondan təhvil alınması prosesində onun tərəfindən borcluya xəsarət yetirildiyini iddia edərək Bakı şəhəri, Nizami RPİ 24 saylı Polis Bölməsinə yalan ifadə verərək şikayət ərizəsi ilə müraciət etmiş, onun cinayət məsuliyyətinə cəlb edilməyini tələb etmiş, şikayət ərizəsini geri götürməsi qarşılığında ondan uşaqla görüşdən imtina etməyinə dair notarial qaydada təsdiq edilmiş razılıq tələb etmişdir. Nizami RPİ tərəfındən borclunun şikayəti əsassız hesab edilərək təmin edilməmişdir, lakin borclu ona qarşı qərəzindən irəli gələrək məni təxribata cəlb etməyə çalışmağa davam edir və onun işgüzar nüfuzuna zərər vuracağını, o, həbs edilməyənə qədər bu əməllərindən əl çəkməyəcəyini, onu hər vasitə ilə işsiz qoyacağını bildirir. Hazırda da Nizami RPİ 24-cü PŞ-nin qərarından Nizami Rayon Prokurorluğuna yenidən şikayət etmişdir. Bundan əlavə, borclu Abbasova Leyla bir tərəfdən Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək onun tərəfindən borcluya qarşı məişət zorakılığı tətbiq edildiyinə, yaşadığı yerə gəlib borclunu narahat etdiyinə dair əsassız iddia irəli sürmüş və ona qarşı mühafizə orderinin verilməsi ilə bağlı tələb irəli sürmüşdür. Digər tərəfdən isə borclu ondan uşağı borclunun yaşadığı ünvanda təhvil alıb təhvil verməyini tələb edir və bununla bağlı Nizami Rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixində yazılı müraciət etmişdir. Sübutlardan da göründüyü kimi, borclunun dövlət qurumlarına bir-biri ilə ziddiyyət təşkil edən müraciətləri borclunun qərəzini və ona qarşı şər ataraq cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq niyyətini aşkar şəkildə sübut edir. Bundan əlavə borclu xx.xx.2023 cu tarixində qərəzli şəkildə uşağı ondan təhvil almağa gəlməmiş, soyuq hava şəraitındə oğlu ilə onu gözlətmiş, zənglərə və yazılı mesajlara cavab verməmiş, xx.xx.2023-cü il tarixində isə uşağı ona təhvil vermədiyi ilə bağlı Nizami RPİ 25-ci PŞ-yə mənə qarşı əsassız şikayət ərizəsi ilə müraciət etmişdir. Borcludan uşağı təhvil alıb təhvil vermə prosesində ona qarşı aşağılayıcı ifadələr işlədərək hər vasitə ilə onu təxribata çəkməyə çalışır. Bütün bunlar övladının mənəvi psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir, oğlu ona tez-tez “ata anam nə üçün sənin tutulmğını istəyir? Anam nə üçün yalan danışdı?” şəklində suallar verməkdədir. O yolda polis əməkdaşı gördükdə “Ata yəqin anam yenə polisə şikayət edib ki səni tutsunlar gəl burudan tez çıxaq gedək” şəklində fikirlər söyləyir. Lakin bu qeyd etdikləri X3 ilk şər-böhtan xarakterli əməlləri deyildir. Abbasova Leylanın ailə üzvləri — atası X8, anası X5 və qardaşı X6 29 avqust 2017-ci il tarixində ölkə hüdudlarını tərk edərək Kanadaya köçmüş və oradan siyasi sığınacaq tələb etmişlər. Qeyd edilən tarixdən sonra Azərbaycan Respublikasının ərazisinə gəlməmişlər. Yuxarıda adları qeyd edilən şəxslərin xarici ölkədən siyasi sığınacaq almaları üçün tələb olunan saxta sənədlərin hazırlanmasını pul qarşılığında Ramin Hacılı adlı şəxs təşkil etmişdir. Həmin şəxs barəsində saxta sənədlər hazırlayaraq siyasi mühacir ticarəti ilə məşğul olması səbəbilə həbs qətimkan tədbiri seçilmişdir və hazırda barəsində məhkəmə icraatı davam etməkdədir. Borclunun aliə üzvlərinin xarici ölkədən siyasi mühacir statusu almaları üçün şikayətçi Borclu əhəmiyyətli rolu olmuşdur. Belə ki, Borclu atasının və qardaşının Azərbaycanda təzyiqlərə məruz qaldıqları və həbs təhlükəsi ilə üz-üzə olduğuna dair əsassız olaraq xarici ölkə nümayəndəliyinə təqdim edilməsi üçün ərizə yazmışdır və digər şəxslərin də eyni məzmunlu ərizə yazmasını təşkil etmişdir. X4 ailə üzvlərinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri olduqları qeyd edilmiş və Azərbaycan Dövlətinə və Azərbaycan Polisinə qarşı saxta ittihamlar irəli sürülmüşdur. Bundan başqa Borclu ailə uzvləri xarici ölkədə sosial şəbəkələr vasitəsilə Azərbaycan Dövlətinə qarşı aktiv şəkildə təbliğatla məşğul olmaqdadırlar. Butün bunlarla bağlı sübutlar, eləcə də Borclu saxta məzmunlu ərizəsinin surəti iş materiallarına əlavə edilmişdir. Borclu hazırda da uşağı daimi olaraq xarici ölkələr aparmağa və ata qayğısından birdəfəlik məhrum etmək üçün onun cinayət məsuliyyətinə cəlb edilməsinə çalışır. Borclu X3 uşaqla göruş qaydasının icrası prosesində uşağı təhvil verib təhvil alarkən ona qarşı törətdiyi təxribat, yuxarıda qeyd edilən şər və böhtan xarakterli əməllərinin qarşısının alınması, onun özünün və övladının təhlükəsizliyi məqsədilə tərəfindən xx.xx.2023-cü il tarixində Xətai rayon İcra Şöbəsinə uşağın icra Şobəsinin inzibati binasında və təhlukəsizlik kameralarının müşahidə bucağı altında təhvil alıb - təhvil verilməsinə dair tələbinin təmin edilməsi üçün rəsmi müraciət edilmiş və tələbi təmin edilmişdir. Sözügedən iş Nizami rayon İcra Şöbəsinın icraatına daxil olana qədər uşağın görüş günündə təhvil alınıb təhvil verilməsi prosesi məhz Xətai rayon İcra Şobəsinin inzibati binasında problemsiz icra edilməkdə idi. Borclu X9 uşağı İcra Şöbəsində təhvil verib təhvil aldığı halda ona qarşı təxribat imkanından məhrum olduğu üçun hazırda uşağı kamera nəzarəti olmayan ərazilərdə təhvil verib təhvil almaqda israr edir. Halbuki, əgər həqiqətən də uşağın təhvil alınıb təhvil verilməsi prosesində o borcluya qarşı şiddət tətbiq edirsə uşağın İcra şöbəsində və ya kamera nəzarəti olan digər ərazidə təhvil verib təhvil almaqda borclu özü maraqlı olmalı idi. Oğlu “Suna” Uşaq Bağçasında təhsil alır və bağçadan 17:00-da çıxır. Onunla görüş vaxtı da 17:00-da başlayır. Borclu həmin vaxt uşağı birbaşa bağçadan götürməyinə də qərəzli olaraq şərait yaratmır. Halbuki, belə olacağı halda onun üçün də daha rahat olardı və həmin ərazi təhlükəsizlik kameraları ilə təchiz edilmişdir. Borclu uşağın onun yaşadığı yerdə təhvil alınıb-verilməsini istədiyini bildirsə də, o, dəfələrlə borclunun yaşadığı binanın qabağına getmiş, lakin borclu uşağı gətirib ona təhvil verməmişdir, eyni zamanda oğlu onun yanında olarkən dəfələrlə oğlunu ondan təhvil almaq üçün gəlməmiş, oğlu həmin günlərdə onunla qalmışdır, bu isə onu göstərir ki, borclunun əsas məqsədi, marağı heç də uşaq deyil. Uşaqla görüş qaydasının icrası prosesində uşağı təhvil verib təhvil alarkən ona qarşı törədilən təxribat, yuxarıda qeyd edilən şər və böhtan xarakterli əməllərinin qarşısının alınması, onun özünün və övladının təhlükəsizliyi məqsədilə uşağı kamera nəzarətinin olduğu ərazidə təhvil alıb təhvil verməyi vacibdir. Buna görə də, təklif edir ki, o, oğlunu uşaq baxçasından götürsün və həmin baxçanın qarşısında və ya kamera nəzarətinin olduğu digər ərazidə anasına təhvil versin və ya göstərilən bu tədbirlər icra şöbəsində icra məmurunun nəzarəti altında həyata keçirilsin. Hazırda iş Nizami Rayon İcra şöbəsinin icraatındadır. Qeyd etdiyi problemlərə görə hazırda 4 aydan çox müddətdir ki, oğlunu görə bilmir. Borclu həmçinin, oğlu ilə telefonla danışmağına da şərait yaratmır. Sözügedən məhkəmə qətnaməsində uşağın borcludan təhvil alınıb təhvil verilməsi yeri müəyyən edilməmişdir. Nizami rayon İcra şöbəsinin rəisi Rəşad Hacıyev görüş yerinin icra məmuru tərəfindən müəyyən edilə bilməsi üçün müvafiq məhkəmə qərardadının olmasını bildirmişdir. Buna görə də, hesab edir ki, məhkəmə tərəfindən uşağın təhvil alınıb-verilmə yerinin icra məmuru tərəfindən müəyyən edilməsinə dair qərardadın qəbul edilməsinə zərurət vardır və bu qərardad qəbul ediləcəyi təqdirdə o, öz övladı ilə rahat şəkildə görüşə biləcəkdir. Sonda ərizəçi E.Abbasov ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında borclu Leyla Abbasovanın nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul etməyərək izahatında bildirdi ki, borclu Leyla Abbasova övladının atasına olan bağlılığını çox yaxşı bildiyinə görə heç vaxt onların ünsiyyətinə mane olmamışdır, hətta uşağın atası ilə hər gün görüşməsi ilə bağlı tələbini qəbul etdiyi üçün məhkəmə qətnaməsi ilə bu qədər çox görüş günü müəyyən edilmişdir, əvvəllər işləmədiyi dövrdə uşağı hər görüş günündə Xətai rayon icra şöbəsinə apararaq, orada ərizəçi E.Abbasova verib, oradan götürmüşdür. Onun müraciətinə əsasən, uşağın təhvil-alınıb verilməsi Nizami rayon icra şöbəsi tərəfindən həyata keçirilməyə başlanılmışdır, hazırda isə Leyla Abbasova özü psixoloq kimi işləyir, ərizəçi cəmi 200 manat aliment ödəyir ki, bu da uşağın tələbatlarını ödəmək üçün yetərli deyil, uşağını daha yaxşı saxlamaq üçün əlavə seanslar keçməlidir, belə bir şəraitdə hər gün uşağı Nizami rayon icra şöbəsinə aparıb-gətirmək onun üçün də çətindir, Emin Abbasov icra şöbəsinə getmək üçün hər dəfə onun evinin yanından keçir, oğlunu binanın qabağından götürüb, orada da təhvil verə bilər, bu həm onun üçün, həm də ərizəçi üçün daha rahat və asan olar, hansı ki həmin ərazidə müşahidə kamerası da var, beləliklə də, ərizəçi onunla qarşılaşmaz, həmçinin ərizəçi uşağı təhvil alıb-verərkən onun ərizəçiyə şər, böhtan atdığını bildirsə də, bunlar həqiqəti əks etdirmir, tam tərsinə ərizəçi uşağı təhvil alıb-verərkən onu qəsdən əsəbiləşdirir və bunu da telefon ilə çəkərək onun, güya, uşaqla görüşə mane olduğunu sübut etməyə çalışır. Hətta borclu uşağın nənə-babası ilə də görüşünə şərait yaratmışdır, lakin hazırda Emin Abbasovun tələb etdiyi yerlərdə təhvil alınıb-verilməsi məsələsi borclunun mənafeyinə əsaslı dərəcədə toxunur, bunu təmin etmək üçün borclu hər dəfə uşağı harasa Emin Abbasovun tələb etdiyi yerlərə (evindən kənara və ya icra şöbəsinə) aparıbgətirməlidir. Leyla Abbasova özü də işləyir, işdən sonra isə uşağının tələbatlarını, ehtiyyaclarını qarşılayır, onun qayğısına qalır, eyni zamanda işdən sonra özünə, öz istirahətinə vaxt ayırmaq onun təbii hüququdur, Leyla Abbasova oğlunun atası Emin Abbasov ilə görüşməsinə mane olmur, Emin Abbasov istədiyi vaxt gəlib oğlu ilə görüşə, eyni zamanda görüş vaxtlarında oğlu ilə sərbəst görüşə bilər, buna görə də, borclunun üzərinə əlavə öhdəlik qoyulmasına, onun hüquqlarının və qanuni maraqlarının məhdudlaşdırılmasına zərurət yoxdur, Emin Abbasovun tələbinin heç bir əsası və ağlabatan tərəfi yoxdur. Sonda Vəkil ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Nizami rayon icra şöbəsinin icra məmuru Nüşabə Kərimzadə izahatında bildirdi ki, hazırki icra sənədi onlara Xətai rayon icra şöbəsindən gəlib, icra işi daxil olduğu gündən onun icrası ilə bağlı problemlər olmuşdur, belə ki, icra məmuru tərəfindən təklif olunan yerdə uşağın təhvil alınıb-verilməsini qəbul etmirlər, halbuki, uşağın Emin Abbasov tərəfindən bağçadan götürülməsi və evdə anasına təhvil verilməsi tərəflərin maraqlarına uyğundur, lakin uşağın anası Leyla Abbasova uşağın götürülmə yeri barədə, Emin Abbasov isə uşağın anasına təhvil verilmə yeri barədə onun təklifini qəbul etməmişdir. Leyla Abbasova öz mövqeyinin onunla əsaslandırmışdır ki, Emin Abbasov görüş vaxtları daxilində istədiyi vaxt gəlib uşağı apara bilər, işlədiyinə görə onun hər dəfə uşağı icra şöbəsinə və ya başqa yerə gətirmək imkanı yoxdur. Emin Abbasov isə borclu ilə aralarında olan konfliktlərə görə borclunun evinə getmək istəmir. Leyla Abbasova tərəfindən uşaqla ünsiyyətə aşkar hansısa maneçilik törədilmədiyinə görə hər hansı bir tədbir görülməsi üçün əsas da yoxdur. Yalnız məhkəmə qərarı ilə müəyyən edilərsə, icra şöbəsi tərəfindən uşağın təhvil alınıb-verilməsi yeri müəyyən edilə bilər. Məhkəmə, ərizəçi-tələbkarın, borclunun nümayəndəsi və vəkilinin, icra məmurunun izahatlarını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 may 2019cu il tarixli 2(011)-4660/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X10 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:00-a qədər, hər həftənin şənbə günləri isə saat 16:00-dan 20:00-dək iddiaçı X11 ilə saxlanılmasına dair ünsiyyət qaydası müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X11 tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X10 yaşayış xərclərinin ödənilməsi üçün 10 yanvar 2019 - 09 fevral 2019 – 517 AZN, 10 fevral 2019-09 mart 2019 - 235 AZN, 10 mart 2019-09 aprel 2019 - 403 AZN, cəmi 1155 AZN ödəmişdir. İş materiallarında olan X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, X11 tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X10 yaşayış xərclərinin ödənilməsi üçün 10 aprel - 09 may 2019 – 311 AZN, 10 may 2019 - 09 iyun 2019 - 225 AZN, 10 iyun 2019 - 09 iyul 2019 - 419 AZN, 10 iyul 09 avqust - 543AZN, cəmi 1498 manat ödəmişdir. İş materiallarında olan 16 yanvar 2022-ci il tarixli X9 tərəfindən verilmiş Ərizədən görünür ki, X11 tərəfindən xx.xx.2017-ci il təvəllüdlü X10 yaşayış xərclərinin ödənilməsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdək aliment ödənişi edilmişdir, göstərilən aylar üçün alimentlə bağlı heç bir iddiası yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, L.D.Abbasovanın “keçmiş əri Abbasov Emin tərəfindən döyülməsi, 5 yaşlı Ayaz Abbasovu aparması” barədə ərizəsi üzrə Abbasov Eminin hərəkətlərində cinayət əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon icra hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Leyla Abbasova və keçmiş əri Abbasov Emin arasında baş verən çəkişmə məişət zorakılğı deyil, atanın uşağı ilə ünsiyyəti məsələsidir. İş materiallarında olan Leyla Abbasova tərəfindən Maraqlı şəxsnə ünvanlanmış məktubdan görünür ki, Leyla Abbasova uşağın onun yaşadığı Nizami rayonu, E.Süleymanov 201 ünvanında Emin Abbasov tərəfindən təhvil verib, vaxtında təhvil almağının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Emin Abbasov tərəfindən icra məmuru Xatir Məmmədova ünvanlanmış xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Emin Abbasov övladının Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsində və təhlükəsizlik kameralarının müşahidə bucağı altında təhvil alıb-verməyi ilə bağlı təyinat verilməsini xahiş etmişdir. İş materiallarında olan Emin Abbasov tərəfindən Nizami rayon icra şöbəsinin rəisinə ünvanlanmış Ərizələrdən görünür ki, Leyla Abbasovanın qərəzli olaraq uşağı görüş günü və vaxtı ona təhvil vermədiyini bildirərək, Leyla Abbasovanın barəsində inzibati protokol tərtib olunması, Xətai rayon Məhkəməsinin sözügedən qətnamənin icrasının təmin edilməsi, borclunun uşağı ona vermədiyi görüş müddətinin digər günlərdə kompensasiya edilməsinin təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Emin Abbasov tərəfindən Nizami rayon icra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Emin Abbasov icra şöbəsinə borclu Leyla Abbasovanın xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində uşağı görüş günlərində və vaxtında ona təhvil verməməsi, borclu Leyla Abbasova barəsində yazılı izahatı alınmaqla inzibati protokol tərtib edilməsi və qətnamənin icrasının təmin edilməsi və borclunun uşağı ona təhvil vermədiyi görüş müddətinin digər günlərdə kompensasiya edilməsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq, icra məmurunun məhkəmə iclasında iştirakını təmin etməklə və icra işini araşdırmaqla məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(011)-2754/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra uşağın iddiaçının himayəsində saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq L.Abbasovaya ödənilməsi qət edilmişdir, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(011)-4660/2019 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X10 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:00-a qədər, hər həftənin şənbə günləri isə saat 16:00-dan 20:00-dək iddiaçı X11 ilə saxlanılmasına dair ünsiyyət qaydası müəyyən edilmişdir, qətnamənin icrası əvvəlcə Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən həyata keçirilmiş, hazırda isə Bakı şəhəri Nizmai rayon icra şöbəsinə göndərilmişdir, icra sənədi hazırda Bakı şəhəri Nizmai rayon icra şöbəsinin icraatındadır, uşaq gün ərzində (9:00 – 18:00) uşaq bağçasında, borclu isə əmək fəaliyyəti ilə məşğul olur. Hazırda tələbkar-ərizəçi Emin Abbasov uşağın təhvil alınıb-verilməsinin müxtəlif məkanlarda (uşaq bağçası; kamera nəzarətində olan digər ərazidə: market və s.) və yaxud da icra şöbəsində həyata keçirilməsini xahiş edir. Bununla belə, Emin Abbasovun uşağı ilə görüşməsinə və ünsiyyət yaratmasına, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş görüş vaxtlarında uşağını öz ilə aparmasına Leyla Abbasova tərəfindən açıq-aşkar maneələrin yaradılması halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, qətnamə ilə tələbkarın uşaqla görüş vaxtı konkret müəyyən edilmiş, icra mütəmadi yerinə yetirilmişdir (tələbkar məhkəmə qətnaməsi ilə müəyyən edilən rejimdə uşaqla ünsiyyət saxlamış və onunla görüşmüşdür) ki, bu da qətnamənin icrasının mümknüsüzlüyü istisna edir. Həmçinin tələbkarın özü də icranın mümkünsüzlüyünün bilavasitə cavabdehlə bağlı olmasına və buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Başqa cür desək, qətnamənin icra olunmasını mümkünsüz edən və ya çətinləşdirən hər hansı bir hallar müəyyən deyil. Tərəflər arasındakı münaqişəyə gəldikdə isə, bu, bilavasitə hazırkı qətnamənin icrası, o cümlədən qətnamə üzrə uşaqla görüş üsulu və qaydası ilə bağlı olmamaqla, şəxsi xarakterlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələb əsassızdır və təmin oluna bilməz. Məhkəmə, ərizəçinin uşaqla ünsiyyət qaydası barədə mülahizələrinə (o cümlədən təkliflərinə) münasibətdə də qeyd edilənlərin nəzərə alınmasını (borclunun tələbi qəbul etməsi halları istisna təşkil edir), uşağın mənafeyi və valideynin (ananın) hüquqları baxımdan mümkün saymır. Belə ki, əvvəla, uşağın baxçada olma rejimi ilə atanın uşaqla görüş rejimi qismən üst-üstə düşür ki, (hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17-dən 18-ə qədər) bu da həmin vaxtda uşaqla görüşün uşağın tərbiyə müəssisəsindən vaxtından əvvəl ayrılmasına səbəb olduğundan uşağın mənafeyinə uyğun deyil. İkincisi, görüşün icra şöbəsində baş tutması da mümkün deyildir, çünki uşaqla görüş rejimi qismən icra şöbəsinin iş vaxtına düşmür (həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-dan 19:00-a qədər, həftənin şənbə günləri). Üçüncüsü, təklif olunan rejim qaydasının müəyyən olunması valideyn (ananın) hüquqları baxımından da yolverilməzdir, ona görə ki, uşağın anaya göstərilən ünvanlarda təhvil alınıb-verilməsi ana üçün əlavə vaxt itkisinə səbəb olur, əlalxüsus də uşağın qeyd edilən rejimlərdə tələbkar tərəfindən borcluya təhvil verilməsi vaxtlarının dəqiq zaman anında icrası mümkünsüzlüyü istisna deyil. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında uşağın ananın yanında saxlanması, valideynlərin qanunla nəzərdə tutulmuş hüquq və öhdəliklərinin həcminə təsir etmir. Başqa cür desək, icrası mümkün olduğu halda, qətnamənin icra üsulu və qaydasının tələbkarın göstərdiyi şərtlərlə dəyişdirilməsi, uşağın tələbkara təhvil verilib-alınmasında borclunun üzərinə əlavə öhdəlik qoyur ki, bu da valideynlərin bərabər hüquq və vəzifələri baxımından mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərin birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur və belə yanaşma Konstitusiyanın 60-cı maddənin İ hissəsinin tələblərinə cavab verərək, qətnamənin icra qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi-tələbkar X11 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “Xətai rayon Məhkəməsinin 2(011)-4660/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin, onun və oğlu üçün təhlükəsiz şəraitdə icra edilə bilməsi məqsədilə uşağı borcludan təhvil alıb vermə prosesini icra edilmə yerinin icra məmuru tərəfindən müəyyən edilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-230/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-230/2024
14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver