Məhkəmə qərarları › İş №8(011)-233/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-233/2023

10.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-233/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8790/2019-005 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 8790/2019-005 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 14200 manat, 5502,5 manat borc və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir, icra sənədi xx.xx.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir, borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır, borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir, məcburi gətirilmə barədə qərar xx.xx.2023-cü il tarixdə icra şöbəsi tərəfindən qəbul edilərək borclunun ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru T.Rəhimov təqdimata uyğun izahat verərək əlavə olaraq bildirdi ki, borclu heç bir ödəniş etməmişdir, icra sənədi üzrə tələbi yerinə yetirmir, onun haqqında çox tədbirlər görmüşdür, 3 dəfə həbs olunmuşdur, sonuncu dəfə 8 aylıq həbs olunmuş 6-cı ayında bağışlanaraq çıxmışdır, hazırda borclu, heç bir çağırışa gəlmir, pulu ödəmir, tələbkar bu haldan çox narazıdır, qətnamənin icra olunmasını istəyir. Sonda icra məmuru T.Rəhimov təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, tələbkar və borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyərək, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 8790/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu 14200 (on dörd min iki yüz) manat əsas borc, 5502 (beş min beş yüz iki) manat 50 (əlli qəpik) məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq Tələbkar ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə Xətai rayon icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin borclunun ünvanına göndərilməsi barədə qeyd aparılmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş, qərarın Xətai Rayon Məhkəməsinə və borclunun qeydiyyat ünvanına göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburi olduğundan və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğundan, habelə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqlarından, hazırki təqdimat əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8790/2019-005 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu - Borclu Xətai rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar