Məhkəmə qərarları › İş №8(011)-24/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-24/2023

22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-24/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, Tələbkar iştirakı ilə, İddiaçı ilkin iddia üzrə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Borclu cavabdeh Tələbkar qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə icra məmuru X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İcra məmuru X3 – qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə ətraflı izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözü gedən icra sənədi üzrə icranı təmin etmək məqsədilə həmin ünvana baxış keçirilmiş və baxış zamanı divarda (qaraj) hər hansı təmir işləri aparılmadığını, həmin divarın təxmini bir neçə ilin divarı olduğu müəyyən edilmişdir. Daha sonra otağa baxış zamanı isə borclu divarın 15 sm hissəsinin öz divarına məxsus olduğunu və bu divarı otağın havalandırması üçün etdiyini bildirmişdir. Tələbkar mətbəx hissəsinə baxış keçirilmiş, tələbkarın mətbəx hissəsində təmir işləri apardığı məlum edilmişdir. İcra vərəqəsində göstərilən tələbə əsasən hansı hissənin sökülməli olduğu bizə tam şəkildə aydın olmadığından tələbkarla söhbətlər aparıldı. Tələbkar onun mətbəxinin uzunluğu hissəsində borclunun evinin divarını sökərək 60 sm enində ora qoyulmalı olduğunu bildirdi. Tərəfimizdən bir daha Borclu evinə baxış keçirilmiş, tələbkarın istəyi ona bildirilmişdir. Borclu isə öz növbəsində bunun mümkün olmadığını, əvvəldən 2 qonşu arasında ara olmadığını, divarların bitişik olduğunu hətta onun evinin sxemində də otağın eni və uzunluğunun qeyd olunduğunu bildirdi. Mübahisə olduğundan ərazinin Mənzil İstismar İdarəsinin mühəndisi dəvət olunmuş, onun iştirakı ilə otaq ölçülmüş və ölçü evin texniki pasportla olan ölçüsüylə eyni olduğunun,hər hansı dəyişiklik olmadığı müəyyən olunmuşdur. İcra sənədinə və tələbkarın dediklərinə əsasən həmin divar sökülərsə borclunun “mülkiyyət hüququna” toxunulmuş hesab olunacaqdır.Bundan əlavə olaraq, icra sənədində qeyd olunan divarın 0,6 hissəsinə bərabər məsafədə sökülməli hissəsi nəzərdə tutulduğu halda həmin divarın hardan sökülməsi, hansı hissədən sökülməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru və tələbkar ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. Lakin onların hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qətnamənin izah edilməsi məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə qətnamənin izah edilməsinə dair ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh Borclu ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikililərin (otaq və qarajın) cavabdehin hesabına ünvan 1 ünvanında yerləşən Tələbkar məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarından həmin divarın 0,6 hissəsinə bərabər məsafədə sökülməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Borclu tutularaq Tələbkar ödənil, Qarşılıqlı iddia üzrə iddiaçı Borclu cavabdeh Tələbkar qarşı cavabdeh X2 tərəfindən ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli evin üstündə bir neçə otaqdan ibarət ikinci mərtəbəsindəki yarım tikilinin tikintisinin qanunsuz hesab edilməsi və həmin tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Borclu tərəfindən Tələbkar məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin 7 saylı mətbəx tikilisinin kənar divarında 6,50 metr uzunluğunda, yəni 1,40 sm. uzunluğunda otağı artırmış, təxminən 5,10 sm. məsafadə metal konstruksiya açıq talvar quraşdırılmış və darvaza qoyulmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.1-ci və 7.0.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, eyni zamanda təhlükəsizliyin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: - tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); - tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: - divar hündürlüyünün 0,6 hissəsi; -xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; -bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; -yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnamənin nəticə hissəsinin cavabdeh Borclu ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikililərin (divara bitişik 1,40 sm. uzunluğunda otağa artırma və divara bitişik 5,10 sm. uzunluğunda açıq konstruksiyalı talvar və darvaza) cavabdehin hesabına ünvan 1 ünvanında yerləşən Tələbkar məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarına bitişik olan hissəsinin həmin divarın hündürlüyünün 0,6 hissəsinə bərabər məsafəyə sökülərək çəkilməsi” barədə izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-168/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsinin cavabdeh Borclu ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında fərdi yaşayış evinin divarında apardığı qanunsuz tikililərin (divara bitişik 1,40 sm. uzunluğunda otağa artırma və divara bitişik 5,10 sm. uzunluğunda açıq konstruksiyalı talvar və darvaza) cavabdeh Borclu hesabına ünvan 1 ünvanında yerləşən Tələbkar məxsus mənzilin 7 saylı mətbəx tikilisinin kənar divarına bitişik olan hissəsinin həmin divarın hündürlüyünün 0,6 hissəsinə bərabər məsafəyə sökülərək çəkilməsi kimi başa düşülməsinə dair izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar