Məhkəmə qərarları › İş №8(011)-27/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-27/2025

09.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-27/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Tələbkar Ləğv prosessində olan "xxxx" ASC-nin Lənkəran rayon İcra Şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə qərarının ləğv edilməsi barədə ərizəsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımovun xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-3655/2011 nömrəli icra sənədi yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(011)-3655/2011 nömrəli icra sənədinə əsasən Borclu cəmi 7740 manat məbləğində pul tutularaq tələbkarın hesabına ödənilməlidir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüsal Qasımovun xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Borclu mülkiyyətində əmlaklar və digər gəlirlər aşkar edilməmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Qeyd olunan qərarın surəti xx.xx.2024-cü il tarixdə tələbkar ASC-yə daxil olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra məmurunun qərarı ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 2(011)-3655/2011 nömrəli icra sənədi yenidən icraya göndərilməldir. Belə ki, iş materiallardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-3655/2011 nömrəli qətnaməsinə əsasən tələbkarın xeyrinə borcludan 7740 manat pul tutulmuşdur və həmin qətnamə icra olunması üçün Lənkəran Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallara əlavə edilən Lənkəran Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra sənədi geri qaytarılmış və icra sənədinin geri qaytarılmasının əsası kimi borclunun adına heç bir əmlakın aşkar edilməməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru qərarında borclunun adına heç bir əmlakın aşkar edilmədiyini qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, borcluya məxsus əmlakın müəyyən etmək üçün heç bir zəruri icra tədbirlərini görməmiş, onun hər hansı bank və ya depozit hesabının olub-olmaması barədə müvafiq banklara sorğular göndərməmiş, icra sənədinin icrası məqsədilə kifayət qədər icra tədbirləri görmədən icra sənədinin icrasının mümkün olmaması qənaətinə gəlmişdir. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin qanunun 23.1-ci maddəsinə əsasən: 1) tələbkarın ərizəsi əsasında; 2) borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 3) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 4) tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 5) tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduğu hallarda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması qeyd olunmuşdur. Göründüyü kimi, qanunla icra məmurunun üzərinə icra sənədinin məhkəməyə qaytarmasına qədər bir neçə icra hərəkətlərini yerinə yetrimək vəzifəsi qoyulmuş, həmin icra hərəkətləri nəticə vermədikdə isə icra sənədinin məhkəməyə qaytarılması müəyyən edilmişdir. Həmçinin, xüsusilə qeyd etmək lazımdır ki, borclunun əmlakını müəyyən edə bilmədikdə və bu barədə məlumat əldə edə bilmədikdə qanunvericilik icra məmuruna borclunun əmlakının axtarışı barədə qərar qəbul etmək imkanı vermişdir. Lakin icra məmuru icra sənədinin məhkəməyə qaytarılmasına əsas ola bilən bütün imkanlardan istifadə etmədən icra sənədini məhkəməyə geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası məhkəməyə müraciət etmək hüququnun (məhkəmə müdafiəsi hüququnun) tərkib hissəsidir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması isə bütövlükdə məhkəmə müdafiə hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası MPM-nin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. Odur ki, icra məmurunun qərarı ləğv edilərək, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Lənkəran Rayon İcra Şöbəsinə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Lənkəran Rayon İcra Şöbəsinin icra məmurunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(011)-3655/2011 icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İcra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün Lənkəran Rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar