Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-283/2025 04.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkar, Tələbkarın nümayəndəsi X5, Borclu Maraqlı şəxs iştirakları ilə, Tələbkar sabit pul məbləğində ödənilən alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Tələbkar icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.68 mislində (400x0.68=272 manat) vəsaitin sabit pul məbləğində müəyyən edilərək ərizəçi olaraq Tələbkar xeyrinə tutulması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1279/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuşdur və Maraqlı şəxs Tələbkar yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü qızları X1 üçün onun xeyrinə Maraqlı şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Hal-hazırda qızının maddi tələbatını ödəmək məqsədi ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)- 1279/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 220 manat uşağının heç bir tələbatının ödənilməsinə yetərli deyil. Qızlarının məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşağa 246 manat müəyyən edilmişdir. Əlavə olaraqda bildirimişdir ki, Maraqlı şəxs hal-hazırda “Globtech Consultinq and Engineering” şirkətində işləyir və aylıq qazancı çoxdur. Həmçinin qızlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X6 ərizəni müdafiə edərək, bildirmişdir ki, borclu uşağa heçnə almır, uşağın ayağında problem var və bu səbəbədən müalicə alır. Borclu 2000 manat maaş alır, uşağın 2 yaşı var, lakin uşağa pul verməmişdir,baxmayaraq ki, atasıdır və ödəməlidir. Aliment nikah pozulmadan öncə müəyyən olunmuşdur. Hər ay 220 manat məbləğində sabit pul şəklində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.68 mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Maraqlı şəxs tələbkarın nümayəndəsi ilə yox, uşağın anası ilə ünsiyyətdə olduğunu və ödənişlər etdiyini bildirmişdir. Minimum əmək haqqı alır, ikinci dəfə ailə həyatı qurmuşdur. Ərizə ilə razı olmamasının səbəblərindən biri qarşı tərəfin, ümumiyyətlə, uşağı düşünməməsidir. Uşağın ehtiyac və tələbatlarını qarşılaya bilməyəcəkləri təqdirdə uşağın öz himayəsinə verilməsini istəyir. Uşağın atasıdır, əlbəttə, alimenti ödəməlidir. Bununla bağlı, qanunvericilikdə maaşın 1/4 hissəsi qeyd olunmuşdur və o, bu məbləğdə razıdır, lakin ərizədə qeyd olunmuş 0.68 mislinə etiraz etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır. Buna görə də ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5997/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat məbləğində sabit pul şəklində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş gəlir məlumatları barədə çıxarışdan görünür ki, Maraqlı şəxs “Globtech Consulting and Engineering” şirkətində 441.14 manat əmək haqqı almaqla texnoloq vəzifəsində işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). -8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. -8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5997/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 220 manat məbləğində sabit pul şəklində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamə çıxarılan zaman ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə borcludan sabit pul məbləğində tutulan aliment ölkə üzrə minimum əmək haqqının 0.64 mislini (220/345= 0.6********.64) təşkil edir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, cavabdehdən tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Odur ki, uşağın saxlanılması üçün tutulan aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Tələbkar xeyrinə tutulan alimentin məbləği hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-283/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-283/2025
04.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver