Məhkəmə qərarları › İş №8(011)-286/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-286/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-286/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(011)-839/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxs 21.08.1976-cı il tarixdə doğulmuş oğlu X1 20.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(011)-839/2022 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilərək 21.08.1976-cı ildə anadan olmuş X1 20.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. Daha sonra maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(011)-839/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(011)-839/2022 nömrəli qətnaməsi icra edilməsi üçün Xətai qeydiyyat şöbəsinə daxil olmuşdur. Həmin qətnamənin icrası ilə bağlı çətinliklər yaranmışdır. Belə ki, məhkəmə qərarında vətəndaşın ölüm səbəbi barədə məlumat olmadığından X1 adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(011)-839/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Ərizəçiyə və maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, iş materialını tədqiq edib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1.-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3.-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. İstinad olunan normalardan müəyyən olunur ki, məhkəmə aktı anlaşılmaz ifadələrdən istifadə edilməklə tərtib edildiyi halda ona məzmunu dəyişdirilmədən izah verilməsi mümkündür. Hakim məhkəmə aktına izah verərkən yeni tələblər üzrə yeni qərarlar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları (ölüm faktı) müəyyən etdiyindən və maraqlı şəxsin ərizəsində qeyd etdiyi hallar məhkəmə aktına izah verilməsi üçün əsas olmadığından ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L Dİ : Maraqlı şəxs Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli 2(011)-839/2022 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar