Məhkəmə qərarları › İş №8(011)-3/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-3/2024

06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-81/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalv - icra sənədi üzrə Borclu məxsus **-OT-*** dövlət qeydiyyat nişanlı, “Daewo Espero” minik markalı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-2049/2022-011 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4048.54 manat və 60.48 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus **-OT-*** dövlət qeydiyyat nişanlı, “Daewo Espero” minik markalı avtomobil müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkara və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi Borclu cəmi 4048.54 manat və 60.48 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2049/2022-011 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraata başlamış və xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun icra sənədindəki ünvanına göndərilmişdir. Lakin həmin bildirişin borclu tərəfindən əldə edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısan daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmurutərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. “İcra haqqında Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir Göründüyü kimi, məcburi icra tədbirinin tətbiqi üçün icra məmuru tərəfindən ilk öncə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edilməli, bu barədə borcluya bildiriş təqdim edilməli və icra məmuru tərəfindən müəyyən edilmiş müddət keçməli idi. Lakin tələblərin borclu tərəfindən könüllü icrası barədə borcluya bildirişin təqdim edilməsinə dair sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hazırkı təqdimata əsasən məcburi icra tədbirinin tətbiq edilməsi üçün “İcra haqqında” Qanunla müəyyən edilmiş əsasların mövcud olmadığı qənaətinə gəlir. Digər tərəfdən, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru tərəfindən hazırki təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun banklarda və digər kredit təşkilatlarında hesablarının və əmanətlərinin olun-olmamasının müəyyən edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü də müəyyən edilmir. Belə ki, “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu məxsus olan əmlakların üzərinə həbsin qoyulmasına dair təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclu məxsus olan **-OT-*** dövlət qeydiyyat nişanlı, “Daewo Espero” minik markalı avtomobillin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan işdə iştirak edən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar