Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-3/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin borclu "xxxx" MMMC-nin rəhbəri X1 “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov – borclu "xxxx" MMMC-nin rəhbəri X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 04 may 2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1953/2022-020 nömrəli, 26 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən 11.149 manat məbləğində pul vəsaiti və 92.30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 03 may 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamış və "xxxx" MMMC-nin rəhbəri X2 şöbəyə gələrək 01 iyun 2023-cü il tarixdə izahat verərək hər ay 200-300 manat ödəniş edəcəyini vəd etsə də ödəniş etməkdən yayınmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Borclu etirazla məhkəməyə müraciət edərək təqdimatın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 8(011)- 937/2024 saylı qərardadı ilə "xxxx" MMMC-nin rəhbəri Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək borclu MMMC ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi məhkəməyə təqdim etmiş və qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli 8(011)- 937/2024 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 8(011)-937/2024 saylı qərardadından borclu "xxxx" MMMC-nin rəhbəri Borclu tərəfindən verilmiş şikayətin rədd edilməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2024-cü il tarixli 8(103)- 393/2024 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 8(011)-937/2024 saylı qərardadı ləğv edilmiş və təqdimata yenidən baxılması üçün iş məhkəməyə qaytarılmışdır. Həmin qərardadda Borclu MMMC ilə əmək münasibətlərinin davam etdirilibetdirilməməsi ilə bağlı müvafiq sorğunun verilməli olduğu qeyd edilmişdir. Sözügedən məsələnin araşdırılması üçün məhkəmə tərəfindən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu verilmiş, Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 28 dekabr 2024-cü il tarixli məktubdan görünür ki. Sözügedən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2018-ci ildə Borclu həmin cəmiyyətin qanuni təmsilçi seçilməsi faktı xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır (səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir). Bundan sonra cəmiyyətin yeni qanuni təmsilçisinin seçilməsi ilə bağlı müraciət daxil olmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Borclu olan "xxxx" MMMC-nin direktoru olmuş, icra vərəqi əsasında pulun borclu "xxxx" MMMC-dən tutularaq tələbkara ödənilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Borclu həmin cəmiyyətdə tutduğu vəzifəsindən azad edilmiş və onun səlahiyyət müddəti 21 aprel 2021ci il tarixdə bitmişdir. Nə qədər ki, hazırkı təqdimatla barəsində məcburi icra tədbirlərinin görülməsi xahiş edilən Borclu "xxxx" MMMC-nin 2021-ci ildən etibarən rəhbəri deyil, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin borclu "xxxx" MMMC-nin rəhbəri X1 “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-3/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-3/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver