Məhkəmə qərarları › İş №8(011)-306/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-306/2024

28.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-306/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-3157/2022-023 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borcludan, X3 və X1 8588,06 manat əsas, 1141,90 manat faiz borcu və 150 manat məbləğində cərimə olmaqla, cəmi 9879,96 manat pul və 117,12 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, borclunun bugünə olan borcu 8588,06 manat əsas, 1141,90 manat faiz borcu və 150 maant məbləğində cərimə olmaqla, cəmi 9879,96 manat pul və 117,12 manat məbləğində dövlət rüsumu təşkil edir. Borclu məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, maddi vəziyyəti qətnamənin bir dəfəyə ödənilməsinə imkan vermir. Səhhəti ilə bağlı daim müalicə almalıdır. Buna baxmayaraq borcdan az da olsa ödənişlər edir, eyni zamanda zaminləri olmuş X4 və X2 əmək haqlarından da tutulmalar aparılır. Səhhətində yaranmış problemlə əlaqədar olaraq Türkiyə Respublikasına getməsi zəruridir. Qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyərək, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət etdikdən sonra borclu tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 2210 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda, icra vərəqəsindən də görünür ki, məhkəmə qətnaməsi ilə borcludan, cəmi 9879,96 manat pul və 117,12 manat məbləğində dövlət rüsumunun borcludan, X3 və X1 müştərək qaydada tutularaq Banka ödənilməsi qət edilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xəstəliyi ilə bağlı müayinə olunması üçün borclunun ölkə hüdudlarından müvvəqqəti kənara çıxması zəruridir. Belə ki, borclu tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyən edilir ki, o, səhhəti ilə əlaqədar İran İslam Respublikasında yerləşən “X5”-də müayinə edilmiş və müvafiq analizlərdən keçmişdir. Həmçinin, müayinə edilməsi üçün xx.xx.2024cü il tarixə saat 09:00-da Türkiyə Respublikası İstanbul şəhərində yerləşən Acıbadem Klinikasının Bakıröy şöbəsində müayinə üçün növbə götürmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsindən də göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formasında nəzərdə tutulan məcburi icra tədbiri o halda tətbiq edilə bilər ki, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda borcunu üzürsüz səbəbdən ödəmədikdə onun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması formasında nəzərdə tutulan məcburi icra tədbiri o halda tətbiq edilə bilər ki, borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda borcunu üzürsüz səbəbdən ödəmədikdə onun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı 25 sentyabr 2016-cı il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, bununla bağlı Avropa Məhkəməsi xatırladır ki, 4 saylı Protokolun 2-ci maddəsinin 2 və 3-cü bəndlərinə uyğun olaraq dövlət orqanları fərdi şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı andan və bütün müddət ərzində əsaslı və mütənasib olmasını təmin etməlidir. Məhdudiyyətin əsaslılığının və mütənasibliyinin qiymətləndirilməsi ilə bağlı məhkəmə nəzarətinin təmin edilməsini həyata keçirmək imkanı nəzərdə tutulmalıdır, belə ki, bu nəzarət müstəqilliyin, qərəzsizliyin və prosedurların qanuniliyinin ən yaxşı təminatıdır. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən, məhdudlaşdırıcı tədbirin proporsionallığı ilə bağlı faktorları nəzərə almaq imkanı verməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xətai rayon İcra şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar