Məhkəmə qərarları › İş №8(011)-321/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-321/2024

03.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-321/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7637/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hər ay 300 manat məbləğdə olmaqla hissə-hissə icra olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-7637/2023 saylı. xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı ABC-Telecom ASC-nin cavabdeh olaraq ona qarşı iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 5191,9 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, ümumilikdə 5261 manat 90 qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 manat, 62 qəpik məndən tutularaq ABC-Telecom ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda hesab edir ki, qeyd edilən qətnamə hissə-hissə icra olunmalıdır. Belə ki, onun maddi durumu çox pis vəziyyətdədir və tutulan məbləği birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Hazırda heç bir yerdə rəsmi olaraq işləmir, qeyri-rəsmi olaraq iş olduqda işləyir. Himayəsində qız uşağı övladı var. Bu səbəbdən qeyd edilən qətnaməni aylıq 300 manat olmaqla hissə-hissə icra edə bilər. Eyni zamanda məhdud fəaliyyət qabiliyyəti olan övladı var. xx.xx.2009-cu 11 təvəllüdlü qızı X6r xəstədir və müalicə alır. Qoşmaya əlavə etdiyi sənədlərdən də görünür ki, onda yüngül dərəcəli əqli gerilik vardır və müalicəyə ehtiyacı vardır. Bu səbəbdən ondan tutulan cəmi məbləğin birdəfəyə tələb olunması və onun həmin pul məbləğini birdəfəyə ödəməyi qeyri-mümkündür və maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirməklə, onun və övladının dolanışığını və müalicəsini tamamilə pozacaqdır. İcra məmuru, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə, tələbkarın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməməyi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7637/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X3 xx.xx.2022-ci və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə 5191,9 manat əsas borc, 70 manat dəbbə pulu olmaqla, ümumilikdə 5261 (beş min iki yüz altmış bir) manat 90 (doxsan) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 62 (altmış iki) qəpik alınaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X1 qızı X4 “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları F70.1 İQ=52” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olmaqla, onun mümkünlüyü yaranmış əlverişsiz hallara uyğun olaraq müəyyən edilməklə qiymətləndirilməli və bu zaman təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə ərizəçinin “işsiz olması, vəziyyətin ağır olması, uşaqğının müalicəyə ehtiyacı olması” kimi dəlilləri bu məqsədlə kifayət deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, ərizəçi tərəfindən əmlak və ailə vəziyyəti, onun üçün yaranmış əlverişsiz hallar, həmçinin qızının müalicə xərcləri və bu xərclərin miqdarına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlər isə borclu tərəfindən qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğunu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsi barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Vəkilova Elnarə Əşrəf qızının qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “borcun hissə-hissə ödənilməsi” barədə ərizəsi rədd edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar