Məhkəmə qərarları › İş №8(011)-323/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-323/2022

19.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-323/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 09 mart 2022-ci il tarixli qərarla icraatına başladığı Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2829/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 09 mart 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun 3.000 manatdan artıq aliment borcu yaranmışdır. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2829/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2829/2021 saylı, 22 dekabr 2021-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən 2022-ci ilin aprel ayına olan 3.850 manat aliment borcunun tam şəkildə ödənildiyini bildirmiş, hazırkı təqdimata baxılmadan geri qaytarılması xahiş olunmuşdur. İş materiallarına Borclu tərəfindən əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən 3.850 manat aliment borcu tam şəkildə ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub olmamasını yoxlayır. Həmçinin, həmin Təlimatın 2.4 bəndinə görə, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. X1 şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında qeyd olunur ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbirin qanunvericilik qaydasında nizamlanması hüquqi müəyyənlik, habelə mütənasiblik konstitusiya prinsiplərinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumu bir daha qeyd etmişdir ki, qanunverici tərəfindən Konstitusiyada təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə bilər. Bu baxımdan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qaydaların qeyri müəyyənliyi hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək konstitusiya hüququnu poza bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 28 maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri tam həyata keçirilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının borclu tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi icra etmədiyi təqdirdə tətbiq olunması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə Borclu tərəfindən müvafiq məhkəmə qətnaməsi ilə nəzərdə tutulan aliment borcu tam şəkildə ödənildiyindən, yəni icra sənədi icra edildiyindən iddianın təmin edilməsinə dair görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı təqdimat rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimovun icra sənədinin icrası başa çatdırılana kimi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı rədd edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar