Məhkəmə qərarları › İş №8(011)-323/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-323/2025

11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-323/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Xətai rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusiflinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-449/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu X2 mülkiyyətində olan daşınmaz əmlak üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli təqdimatla məhkəməyə müraciət edərək borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, mərtəbə 14, M4 yerləşən 3 otaqlı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 449/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 Şərur Mənzil Tikinti Kooperativindən evin alınması üçün ödənilən vəsaitin yarısını təşkil edən 23.956,96 manat və banka ödənilən vəsaitin yarısını təşkil edən 18.321,50 manat pul vəsaiti, ümumilikdə, 42.278,46 manat və 15 adda qızıl-zinət əşyalarının dəyəri 15087 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə bərabər borclu X3 göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmiş və müəyyən edilmişdir ki, borclunun mülkiyyətində Bakı şəhəri,Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, mərtəbə 14, M 4-də yerləşən 3 otaqlı mənzil vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. İş üzrə Tələbkar məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun və nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallırını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-449/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X1 ümumilikdə 42.278,46 manat və 15 adda qızıl-zinət əşyalarının dəyəri 15087 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-449/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildiriş borclu X3 göndərilmiş və ona tələbi könüllü icra üçün müəyyən edilmiş vaxtda üzürsüz səbəbdən icra etmədiyi halda məcburi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Elektron İcra Sisteminin çıxarışından görünür ki, Bakı şəhəri,Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, mərtəbə 14, M 4-də yerləşən 3 otaqlı mənzil borclu X2 mülkiyyətindədir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. Odur ki, təqdimat əsaslı olduğundan təmin edilərək, daşınmaz əmlakın üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-449/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün borclu X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, giriş 344, mərtəbə 14, m 4-də yerləşən 3 otaqlı mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar